"Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf komandamız idi".
Sportnet.az xəbər verir ki, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya evdə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssisin sözlərinə görə, hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi: "Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız 1 qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq. İkinci hissədə də komandam istəkli idi. Hücum qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil".






































































