Afrika Millətlər Kubokunda ilk 1/8 final matçı Seneqal və Sudan yığmaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Mərakeşin Tanjer şəhərindəki “Stad İbn-Batuta” stadionunda oynanılmış qarşılaşma Seneqal millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 6-cı dəqiqədə Sudan millisinin yarımmüdafiəçisi Aamir Abdalla açıb. Lakin Seneqal tez toparlanaraq ilk hissədə - 29-cu və 45+3-cü dəqiqələrdə Pap Geyenin dublu ilə üstünlüyü ələ alıb. Görüşün 77-ci dəqiqəsində hücumçu İbrahim Mbaye fərqlənərək oyunda son nöqtəni qoyub — 3:1.
Beləliklə, Seneqal millisi turnirin ilk 1/4 finalçısı olub.
Qeyd edək ki, Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir və turnir 18 yanvarda başa çatacaq. Hazırkı çempion Kot-d’İvuar millisidir.














































































