Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin növbəti matçında Mali və Tunis yığmaları qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Mərakeşin Kasablanka şəhərindəki “Məhəmməd V” stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Penaltilər seriyasında isə Mali millisi 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Görüşün 26-cı dəqiqəsində malili futbolçu Voyyo Kulibali qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Matçın sonlarında dramatik anlar yaşanıb: 89-cu dəqiqədə Firas Şauat Tunis yığmasını hesabda önə çıxarıb. Lakin 90+7-ci dəqiqədə Lassin Sinayoko penaltini dəqiq yerinə yetirərək oyunu əlavə vaxta daşıyıb.
Qalib penaltilər seriyasında müəyyənləşib və burada Mali millisi daha dəqiq oynayaraq qələbə qazanıb.
Beləliklə, Mali yığması 1/4 finalda Seneqal millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir və turnir 18 yanvarda başa çatacaq. Turnirin hazırkı qalibi Kot-d’İvuar millisidir.












































































