Liam Rosenyor İngiltərənin “Çelsi” komandasına baş məşqçi təyin edilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər uzunmüddətli müqavilə imzalanıb.
İngiltərəli baş məşqçi bundan əvvəl “Derbi” və “Hall Siti”də fəaliyyət göstərib. Həmin komandalar müvafiq olaraq İngiltərənin üçüncü və ikinci divizionlarında çıxış edirlər.
Rosenyor 2024-cü ildən Fransa “Strasburq”una rəhbərlik edib. “Strasburq” ümumi sahiblərə malik olduğuna görə “Çelsi”nin farm-klubu sayılır.
Cari mövsümdə Rosenyorun rəhbərliyi altında “Strasburq” Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub və Fransa Liqa 1-də 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Çelsi” bundan əvvəl baş məşqçi postundan Entso Mareskanı istefaya göndərib.









































































