"Şübhəsiz ki, bütün hücumçularımızın qol vurması ümidvericidir".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstanın “Pakş” komandasının baş məşqçisi Dyord Boqnar Türkiyənin Antalya bölgəsində "Sumqayıt"a 5:1 hesabı ilə qalib gəldikləri yoxlama matçı barədə danışarkən deyib.
65 yaşlı mütəxəssis hücum xəttinin məhsuldarlığından razı qaldığını bildirib: “Rəqib arxadan oyun quraraq topa sahib olmağa çalışırdı. Bu isə hücum hərəkətlərimizi məşq etmək baxımından bizim üçün xüsusilə faydalı oldu”.
Boqnarın sözlərinə görə, komandası rəqibin yarımmeydançasında topa daha çox nəzarət edib: “Demək olar ki, bütün qol vəziyyətlərimizi də məhz bu üstünlük sayəsində yaratdıq. Yoxlama oyunu həm fiziki yüklənmə, həm də oyun baxımından hazırlıq prosesimizə çox yaxşı xidmət etdi”.
Baş məşqçi futbolçuların qərarvermə baxımından daha yaxşı çıxış edə biləcəyini də vurğulayıb: “Əlbəttə, oyunçulardan daha düzgün qərarlar gözləmək olar. Amma bu, hazırlığın ilk günləri üçün əsas tələb deyil”.













































































