“Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis akademiyadan cəlb olunan futbolçuların çıxışını da müsbət qiymətləndirib: “Akademiyadan 5 oyunçunu yoxlamaq imkanımız oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq”.
Bağırov yeni transfer Veysəl Rzayevin debüt oyununa da toxunub: “Veysəl Rzayev ilk oyununa çıxdı və yaxşı təsir bağışladı".
Mütəxəssis komandanın hələ uyğunlaşma mərhələsində olduğunu vurğulayıb: “Çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İki hissəli oyunda ilk onbirliyi meydana buraxmadıq. Fərqli hissələrdə futbolçuların təzyiq altında oynamasını istədim”.
Baş məşqçi hazırlıq prosesinin yeni başladığını və əsas məqsədin itkisiz davam etmək olduğunu bildirib: “Bir həftədir məşqlərə başlamışıq. Əsas odur ki, matçı zədəsiz və itkisiz başa vurduq. İnanıram ki, çempionatın startına qədər komanda istədiyimiz səviyyəyə çatacaq".














































































