“Əvəzedici komandaya təşəkkür edirəm. Onlar yeni yığılıblar və tam hazır olmasalar da, bu oyunun keçirilməsinə razılaşdılar. Qarşılaşma bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə də güclü rəqiblə görüşməyə ehtiyac duymadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko klubun əvəzedicilərdən ibarət komandasına 7:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.
Ukraynalı mütəxəssis görüşün nəticəsindən çox, görülən işlərin önəmli olduğunu vurğulayıb: “Çalışdıq ki, düşündüklərimizi meydanda tətbiq edək. Belə görüşlərdə hesaba aldanmaq olmaz. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunu gördük və üzərində işləyəcəyik. Eyni zamanda müsbət dinamika da müşahidə etdim. Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq".
Demçenko zədəli futbolçuların da müəyyən çətinliklər yaratdığını qeyd edib: “Zədəli oyunçularımız var, onların yoxluğu bəzi problemlər yaradır. Amma futbolçu həyatını zədəsiz təsəvvür etmək olmaz. Əsas odur ki, onlar düzgün bərpa olunsun və mümkün qədər tez komandaya qoşulsunlar".
















































































