"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkonun "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra Sportnet.az-a müsahibəsi
- Soyuq və küləkli hava şəraitində keçirdiyiniz oyundan sonra özünüzü necə hiss edirsiniz?
- Bəli, burada soyuq küləklər əsir. Bax, bu cür küləkli ölkə, şəhərdir. Məşqlər vaxtı da həmişə külək olurdu. "Qəbələ" ilə oyunda isə yağışla müşayiət olunan külək var idi.
- Qazaxıstan da soyuq ölkədir?
- Bəli, orada da soyuqdur. "Astana"da çalışdığım vaxt da havalar küləkli olurdu. Amma burada dəniz var. Yəqin ki, külək dənizdən gəlir. Sadəcə, "Astana Arena"da meydançanın üstü bağlanırdı. Ona görə də kompakt və yaxşı hava şəraitində çalışa bilirdik.
- Bəs insanlar da soyuqdur?
- Xeyr, hər yerdə müxtəlifdirlər. Qazaxıstanlılar, gürcülər, azərbaycanlılar rəngarəng xüsusiyyətlərə malikdirlər. Hərəsinin öz spesipikliyi var.
- Azərbaycandan təklif aldığınız vaxt ilk reaksiyanız necə oldu?
- Qazaxıstan "Jenis"indəki işimizi bitirdikdən sonra perspektivli variantlar axtarırdıq. "Araz-Naxçıvan" variantı ortaya çıxdı. Agentim təklif etdi. Baxıb gördüm ki, burada oyun məzmunu baxımından çox yaxşı, çox güclü, maliyyə cəhətdən möhkəm və sabit komandalar oynayırlar. "Qarabağ" Çempionlar Liqasında, daim avrokuboklarda çıxış edir. Çox yaxşı səviyyəli, Avropaya yaxın 4-5 komanda mövcuddur. Bütün komandalar bir-birindən xal ala bilərlər.
- Hədəfiniz nədən ibarətdir?
- Hədəfimiz Azərbaycan Premyer Liqasını avrokuboklara vəsiqə verən pillələrdə başa vurmaqdan ibarətdir. Nəticə qənaətbəxş olsa, rəhbərlik müqaviləni daha bir il uzatmaq hüququna malikdir.
- Hazırda avrokuboklar uğrunda 6-7 komanda mübarizə aparır. Bu baxımdan, işinizi çətin saymaq olarmı?
- Bəli, başa düşürəm ki, çox çətin vəzifədir. Çox yaxşı rəqiblərimiz var. "Qarabağ", "Sabah", "Sumqayıt", "Zirə", "Turan Tovuz"la yanaşı, "Neftçi"ni qeyd edərdim. "Neftçi"yə yeni baş məşqçi Yuri Vernidub gəlib. O, komandanı yenidən qurur. Buna görə də vəzifəmizin çətin olduğunu düşünürəm. Lakin dəhşətli və yanğına səbəb olacaq bir şey yoxdur. Bunlar yerinə yetirilməyən tapşırıqlar deyil. Əksinə, yerinə yetiriləsi vəzifələrdir.
- Transferlər olacaqmı?
- Komanda komplektləşib. Legioner transfer etsək, AFFA-ya rüsum ödəməliyik. Hər halda, bunun üzərində işləyirik. Alınsa, alınacaq, alınmasa, yenə işimizə davam edəcəyik.
- Komandanızın mərkəz müdafiəçisi zədələnib...
- Bəli, zədəli futbolçularımız var. İssuf Paro zədəlidir. Buna görə də Bruno Frankonu sol cinahdan mərkəz müdafiəçisi mövqeyinə keçirdik. Prinsipcə, hələlik öhdəsindən gəlirik. Lakin prosesə uyğun olaraq, yeni oyunçu transferi üzərində düşünürük.
- Komandanız gözləntilərinizi nə qədər doğrultdu?
- Hazırda nəticə bizi xüsusi olaraq maraqlandırmır. Bizi maraqlandıran məsələ oyun məzmunu, qəbul etdiyim materialdır. Uşaqlar ya izah etdiklərimi qəbul edirlər, ya da qəbul etmirlər. Kimisi də tez qəbul edir. Bu, kompüter yox, komanda, canlı orqanizm, insanlardır. Tapşırıq verdin, getdi. Kimisi tez, kimisi ləng. Lakin şəkil çəkilməyə başlayır. Biz topu nəzarətdə saxlamaq, top itkisindən sonra pressinq etmək, bir nömrə kimi oynamaq istəyirik. Buna görə də tapşırıq bir qədər çətindir. O mənada ki, komanda bunadək bir az fərqli futbol oynayanda onu yenidən qurmağa, bir nömrə kimi oynamağa çalışmaq cəsarət lazımdır.
- "Qəbələ" ilə oyunda sanki hücumçulara çox əsəbi idiniz...
- Hazırda hücum xəttimizdə Ba-Muaka Simakala və Ramon Maçado çıxış edir. Onların üzərində işləyirik. Futbolda müəyyən qaydalar var. Bunları mən yox, müasir futbol diktə edir. Buna görə də müasir futbolun tələblərini yerinə yetirmək lazımdır. Avropaya getmək istəyiriksə, orada müəyyən baza, standartlar var. Hər bir mövqenin oyunçularının öz oyun üslubları olmalıdır. Bunların hamısını biz yerinə yetirməliyik. Təbii ki, daha əvvəl bir qədər fərqli futbol olub. İndi isə biz bu qaydaları tapşırıq kimi qoyuruq.
- Bəs oyun keyfiyyətindən razı qaldınızmı?
- Qoyduğumuz tapşırıq təkcə taktiki və texniki yöndə deyil, həm də psixoloji baxımdandır. Futbolçuları cəsarətli, inamlı olmağa məcbur edirik. Oyunu aparmaqdan ötrü hücum futbolu oynamağa və bir nömrəli olmağa müəyyən qədər cəsarət lazımdır. Təkcə texnika və taktika deyil, psixologiya üzərində də çalışırıq. Futbolçuları cəsarətli olmağa, qərar qəbul etməyi bacarmağa kökləməliyik.
- "Araz-Naxçıvan"a gələnədək Azərbaycan futbolu barədə hansı informasiyalarınız var idi?
- Elə də informasiyam yox idi. Azərbaycan futbolunun nə demək olduğunu bilməkdən ötrü içəridə olmaq və anlamaq, daxilində hiss etmək lazımdır. Ona görə də informasiya analitik xarakterli, yutub və digər futbol platformalarından olub. Daxilini isə bilmirdim. İndi isə daha yaxından öyrənəcəyəm.
- Hazırda sizdən başqa Yuri Vernidub da Azərbaycanda çalışır. "Neftçi"nin baş məşqçisi ilə tanışlığınız, münasibətləriniz hansı səviyyədədir?
- İlk növbədə, onu deyə bilərəm ki, hər ikimiz eyni ölkədənik, eyni komandada çıxış etmişik. Yuri Nikolayeviç əslən Jitomirdən olsa da, Zaporojyedə məskunlaşmışdı. Karyerasını başa vurmağa yaxın və məşqçi kimi Zaporojye "Metallurq"unda oldu. Daha sonra o, baş məşqçi kimi "Zarya"da, mən "Metarllurq"da işlədim. Amma eyni şəhərdə oynayırdıq. Buna görə də yollarımız beləcə kəsişib. Yəni, biz tanışıq, ona çox böyük hörmətlə yanaşıram. Belə mütəxəssislərlə hər zaman rəqib olmaq, özünü təcrübəli mütəxəssislərə qarşı sınaqdan çıxarmaq istəyirsən.
- Belə çıxır ki, Ukraynadan xaricdə ilk "duel"iniz olacaq?
- Bəli. Ukrayna çempionatında qarşılaşmamız olmuşdu. Həmin vaxt mən "Veres"də, Yuri Nikolayeviç "Zarya"da idi. Amma ölkəmizdən xaricdə ilk dəfə görüşəcəyik.
- Əvvəllər Bakıda olmuşdunuz?
- Bəli. Nə zamansa olduğumu xatırlayıram. Karyeramı bitirdiyim ərəfələrdə idi. Həmin vaxt "Qəbələ"də baxışda idim. Gürcüstanda təlim-məşq toplanışında olduqdan sonra Bakıya gəlmişdik. "İnter"lə (indiki "Şamaxı" - red.) oyuna da baş çəkmişdik. Bu, burada olduğum yeganə haldır.
- Azərbaycanda çıxış edən ukraynalı futbolçulardan kimləri tanıyırsınız?
- Rüstəm Əhmədzadə, Anatoli Nuriyev, Vladislav Veremeyev və Aleksey Kaşuku tanıyıram.
Elşən MƏMMƏDOV














































































