Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti Samuel Eto’O cəzalandırılıb.
Sportnet.az Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi veteran futbolçunun Mərakeşə qarşı Afrika Millətlər Kubokunun 1/4 final matçındakı qeyri-idman davranışı göstərilib.
Yanvarın 9-da baş tutan və Mərakeş yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Eto’O hakimlərin qərarlarından narazı qalıb. O, emosional şəkildə Mərakeş Kral Futbol Federasiyasının (FRMF) prezidenti Fuzi Lekcaanın ünvanına jestlər edib. Hadisə zamanı CAF prezidenti Patrik Motsepe də onun yaxınlığında olub.
Eto’O dörd oyunluq diskvalifikasiya edilib və 20 min ABŞ dolları məbləğində cərimələnib.
FECAFOOT yayımladığı bəyanatda bu qərarın açıq əsaslandırmasının olmadığını bildirib və federasiya prezidentinə tam dəstək verdiyini açıqlayıb.















































































