Almaniya "Ayntraxt"ının baş məşqçisi Dino Topmöller "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçınadək istefaya göndərilə bilər.
Sportnet.az-ın məlumatına görə, səbəb Frankfurt təmsilçisinin Bundesliqada dərin böhranla üzləşməsidir.
Komanda son olaraq, XVIII turun "Verder"lə səfər matçında iki dəfə irəli çıxmasına baxmayaraq, yalnız uzatma dəqiqələrində məğlubiyyətdən xilas ola bilib - 3:3. Beləliklə, ardıcıl 4-cü matçında qələbəyə həsrət qalan "Ayntraxt" hazırda 27 xalla 7-ci pillədə qərarlaşıb.
"Verder"lə oyundan sonra klubun idman direktoru Markus Kröşe uzatma dəqiqələrində təsadüfən bərabərlik qolunu vurmalarından narazılıq ifadə edib. O, daha 45 yaşlı mütəxəssisə qeyd-şərtsiz dəstək vermək istəmədiklərini büruzə verib. Kröşe Topmöllerin vəzifəsini davam etdirib-etdirməyəcəyi barədə suala cavabdan yayınıb: "Hazırda biz bu məsələni müzakirə edirik. Belə problemləri həll etməli və bu cür çıxışları bir daha davam etdirməyəcəyimizə təminat almalıyıq".
Kröşenin sözlərinə görə, "Ayntraxt" 17-18 oyundur ki, eyni problemlərlə təkrar-təkrar qarşılaşır: "İnanılmaz dərəcədə bəsit qollar buraxırıq. Topa xeyli nizamsız şəkildə yiyələnirik və oyun düzənimiz çatışmır. Belə davam edə bilməz. Hər dəfə çox sadə səhv, çoxlu sayda buraxılmış qol vurulduğunu deyirik. Lakin son nəticədə heç nə dəyişmir".
Topmöllerin özü də üzləşdikləri situasiyanın fərqindədir. Baş məşqçi bunu özü üçün dönüş anı adlandırmayıb: "Belə bir hissim yoxdur. Son nəticədə məsələ mənim nə hiss etməyimdə deyil. Düşünürəm ki, heç birimiz razı deyilik".
Onun Frankfurt macərasının 2,5 ildən sonra başa çatacağını güman etməyə tutarlı əsaslar var. Hətta Topmöller komanda ilə "Qarabağ"a qarşı Çempionlar Liqasının həlledici matçına yollanmaya bilər.
"Ayntraxt" Bundesliqada son 7 oyunda cəmi 1 qələbə qazanıb. Bu isə avrokuboklara vəsiqə hədəflərini reallaşdırmaq üçün yetərli deyil. Üstəlik, müdafiədəki ciddi problemlər özünü "Verder"lə matçda açıq-aydın göstərib. Frankfurt komandası 2026-cı ilin ilk 3 oyununda 9 top buraxıb.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı saat 21:45-də başlanacaq. Hazırda Azərbaycan təmsilçisi 7 xalla 22-ci, Almaniya klubu isə 4 xalla 30-cu pillədə qərarlaşıb.










































































