“Təəssüratlarım yalnız müsbətdir. Burada hər şey xoşuma gəlir. Amma ən önəmlisi, futbolçular mənim və məşqçi heyətinin tələblərini yaxşı qəbul edirlər. Komandanın vəziyyətini düzəltməyə çalışacağıq”.
Sportnet.az-ın məlumatına görə, bunu 2025-ci ilin dekabrında "Neftçi" ilə 1,5 illik müqavilə bağlayan baş məşqçi Yuri Vernidub deyib.
60 yaşlı mütəxəssis komandanın mövcud turnir vəziyyəti və cari mövsümdə hədəfləri barədə danışıb: “Azərbaycan Premyer Liqasını Ukrayna ilə müqayisə etsək, "Neftçi" burada "Dinamo Kiyev" kimidir. Buna görə də komandanın hədəfləri həmişə ən yüksəkdir. Başa düşürəm ki, bu mövsüm qızıl medala çatmaq çox çətin olacaq, amma hər oyunda qalib gəlməyə çalışacağıq ki, turnir cədvəlində mümkün qədər yuxarı qalxa bilək. Komandada çoxlu legioner olsa da, bütün futbolçular bunu anlayırlar".
Ukraynalı baş məşqçi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirdikləri təlim-məşq toplanışını da dəyərləndirib: “Toplanış müddətində futbolçuların iş prosesinə yanaşmaları xoşuma gəldi. "Neftçi"də yaxşı ifaçı seçimləri var. İntizamı və fiziki vəziyyəti gücləndirəcəyik və yola çıxacağıq. Fikrimcə, futbolçular özlərini göstərmək və yalnız irəliləmək istəyirlər”.
Vernidub legionerlərin səviyyəsindən narazı qaldığına dair iddialara isə belə münasibət bildirib: “Bu, jurnalistlərin "ixtira"larıdır. Mən yalnız müqavilə imzalanandan sonra kiçik bir müsahibə vermişdim, ondan sonra nə ukraynalı, nə də azərbaycanlı jurnalistlərlə ünsiyyətdə olmuşam. Siz ilk jurnalistsiniz ki, təyinatımdan bir ay sonra danışıram. Ümumiyyətlə, mən öz futbolçularım barədə necə mənfi danışa bilərəm? Onların avtoritetlərini parçalamaq üçünmü? Bunlar mənim metodlarım deyil. Biz bir qayıqdayıq və yalnız bir istiqamətdə avar çəkməliyik".
Baş məşqçi Vensan Abubakarı komandanın ulduzu adlandırıb: “Vensan toplanışı əla keçirdi, heç bir məşqi buraxmadı, çəki atdı. Baxıb görürəm ki, Vensan oynamaq istəyir. Amma rəqabət var, məsələn, Bassala Sambu ilə. Lakin Abubakarın ulduz futbolçu olması 100 faizdir”.
Gələcək transferlər barədə isə baş məşqçi bunları deyib: “Hazırda Ukraynadan yeni transfer planlaşdırılmır. Yalnız "Çernomorets"in sabiq yarımmüdafiəçisi Andrey Ştoqrin burada idi. O, bizimlə toplanış keçdi və məndə çox yaxşı təəssürat yaratdı. İndi o, əsas komandaya sifariş olunacaq”.
Vernidub "Neftçi"nin "Qarabağ"la mümkün rəqabətinə də toxunub: “Niyə görə də onların əhval-ruhiyyələrini korlamayaq (gülür - red.)?! Buna görə çağırışı qəbul etmişəm. Buraya gəlmək və tanınmış klubda işləmək mənə maraqlı idi. Fikrimcə, "Neftçi" hazırda olmalı olduğu mövqedə deyil və bu, bütün məşqçi heyəti üçün stimuldur. Biz uzağı görməyəcəyik, sadəcə işləyəcəyik. Həyatımızda hər şey mümkündür”.
O, "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko ilə Ukrayna derbisi barədə isə bunları deyib: “Turnir vəziyyətinə görə bu, prinsipial matç olacaq. Mənim üçün vacib məsələ odur ki, komandam irəliləsin. Düşünürəm ki, Demçenko da eyni yanaşmadadır. Bu, bizim üçün vacib qarşılaşma olacaq və "Neftçi" xallar qazanmalıdır. Güclü tərəf isə qalib gələcək".
Qeyd edək ki, Yuri Vernidub dekabrın əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunub. Klub Azərbaycan Premyer Liqasında 16 turdan sonra 20 xalla 8-ci yerdə gedir və lider "Sabah"dan 17 xal geri qalır.










































































