Niderlandın əfsanəvi futbolçusu Marko van Basten yerli "Ziggo Sport" telekanalında futbol şərhçisi vəzifəsini tərk edib.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu bu qərarını həyat yoldaşı Lisbetin səhhətində yaranan ciddi problemlərlə əlaqələndirib.
Van Basten bildirib ki, yaxın aylarda bütün vaxtını həyat yoldaşının müalicəsinə və sağalmasına həsr edəcək. O, bunun çətin dövr olacağını vurğulasa da, müsbət nəticəyə inandığını qeyd edib.
"Ziggo Sport" rəhbərliyi də van Bastenin gedişini təsdiqləyərək, komandanın bu xəbərlə sarsıldığını, lakin əfsanəvi futbolçuya tam dəstək verdiklərini açıqlayıb. Lisbetin səhhəti ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Marko van Basten futbol tarixinin ən böyük hücumçularından biri sayılır. O, karyerası ərzində yerli “Ayaks” və İtaliyanın “Milan” klublarında çıxış edib, 1988-ci ildə Niderland yığması ilə Avropa çempionluğu və üç dəfə “Qızıl top” mükafatını qazanıb.









































































