Afrika Millətlər Kubokunda final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.
Mərakeşin paytaxtı Rabatdakı "Prins Mula Abdulla" stadionunda təşkil olunmuş qarşılaşma Seneqalın qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşün əsas vaxtı qolsuz yekunlaşıb. 90+24-cü (!) dəqiqədə mərakeşli futbolçu Braim Dias penaltini dəqiq yerinə yetirə bilməyib. Həmin epizoddan öncə qalmaqal baş verib. Mərakeşin lehinə penaltinin təyin olunmasına etiraz edən seneqallı futbolçuların əksəriyyəti meydançanı tərk edib. Onlar yığmanın lideri Sadio Manenin xahişindən sonra geri qayıdıblar. Dias isə penaltini yerinə yetirmə tərzi ilə zərbəni qəsdən dəqiq vurmadığı fikirləri yaradıb.
Yeganə qola isə əlavə vaxtda - 94-cü dəqiqədə Pap Geye imza atıb.
Bununla da Seneqal millisi tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi olub. İlk dəfə bu nailiyyət 2021-ci ildə əldə edilib.










































































