Almaniyanın “Ayntraxt” klubunun idman məsələləri üzrə idarə heyətinin üzvü Markus Kröşe mövsümün gedişi və komanda ilə bağlı qərarlar barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı klub rəsmisi Frankfurt təmsilçisinin rəsmi saytına açıqlamalar verib.
O, “Ayntraxt”ın yüksək hədəflərindən əl çəkmədiklərini bildirib: “Qarşıda Çempionlar Liqasında iki matçımız qalıb və hər şey yaxşı alınarsa, pley-off mərhələsinə yüksəlmək istəyirik. Eyni zamanda mövsümün demək olar ki, ikinci yarısı hələ qabaqdadır. Klub olaraq qarşımıza qoyduğumuz əsas məqsəd – avrokuboklara vəsiqə qazanmaqdır. Biz məsul şəxslər kimi qərarları klubun və hədəflərimizin maraqları naminə qəbul etməliyik. Təəssüf ki, bu zaman şəxsi maraqlar hər zaman nəzərə alına bilmir”.
Kröşe qeyd edib ki, "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında komandaya Dennis Şmitt rəhbərlik edəcək: “Şmitt növbəti qərara qədər komandanın sükanı arxasında olacaq. Ona Aleks Mayer və əvvəlki məşqçilər heyətindən qalan Yan Fisser kömək edəcək. Bu heyətlə Bakıya yollanacağıq və orada qələbə qazanaraq İngiıtərə "Tottenhem"i ilə ev oyunundan əvvəl yaxşı mövqeyə gəlmək istəyirik”.
Klub rəsmisi yeni baş məşqçi əvəzi barədə də müsbət fikirlər səsləndirib: “Dennis uzun müddət klubumuzda U-21 komandasının məşqçisi kimi çalışıb, yaxın zamanda məşqçi təhsilini başa vurub. O, köməkçi məşqçi və son vaxtlar baş məşqçi kimi daha yüksək səviyyədə müəyyən təcrübə qazanıb. Düşünürəm ki, onun köməyi ilə bəzi problemləri həll edib komandaya yeni impuls verə bilərik. O, gənc olsa da, çox istedadlı məşqçidir”.
Qeyd edək ki, yanvarın 21-də Toviq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - “Ayntraxt” matçı saat 21:45-də başlanacaq.











































































