2025/2026 mövsümündə Bolqarıstanın “Lüdoqorets” və Macarıstanın “Ferentsvaroş” klubları avrokuboklar tarixində unikal rekorda imza atacaqlar.
Sportnet.az-ın "Opta Sports"a istinadən məlumatına görə, bu komandalar bir avrokubok mövsümündə beş dəfə üz-üzə gələcək.
İndiyədək avrokuboklar tarixində heç bir klub eyni mövsümdə eyni rəqiblə beş oyun keçirməyib.
“Lüdoqorets” və “Ferentsvaroş” UEFA Avropa Liqasının pley-off mərhələsində iki oyun keçirəcək. Komandalar bundan əvvəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşıblar. Həmin oyunlarda ilk görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb, cavab matçında isə “Ferentsvaroş” 3:0 hesablı qələbə qazanıb.
Macarıstan təmsilçisi daha sonra Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzaraq Avropa Liqasına düşüb. Avropa Liqasının əsas mərhələsinin IV turunda “Ferentsvaroş” yenidən “Ludoqorets”lə qarşılaşıb və bu dəfə də 3:1 hesabı ilə qalib gəlib.
Avropa Liqasının pley-off mərhələsində “Lüdoqorets” və “Ferentsvaroş” arasında keçiriləcək oyunlar 19 və 26 fevrala təsadüf edəcək.












































































