"Özümüzü göstərmək baxımından vacib oyun idi. Ürəklə və cəsarətlə çıxış etdik. Nəticədən xoşbəxtik".
Bunu səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra Sportnet.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Karim Rossi deyib.
İsveçrəli hücumçu "Qarabağ"la keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final və Premyer Liqanın XIX tur matçlarından gözləntilərini də bölüşüb: "Həmişə demişəm ki, Azərbaycan futbolunda hər şey mümkündür. Ağır oyunlara hazırlaşacağıq. Bugünkü qədər intizamlı, cəsarətli, ağıllı oynasaq, istəyimizə nail ola bilərik".
32 yaşlı forvard "Kəpəz"lə görüşdə 45+1-ci dəqiqədə fərqlənərək, Premyer Liqada qol sayını 7-yə çatdırıb. O, şəxsi hədəfinin 10 qol olduğunu bildirib: "Mövsümün əvvəlində düşünürdüm ki, qol və məhsuldar ötürmə sayını birlikdə 10-a çatdırsam, bu, mənim üçün normaldır. Hələ qarşıda oyunlar var. Nələr olacağını görəcəyik".
Qeyd edək ki, Karim Rossi "Şamaxı"ya 2025-ci ilin iyulunda transfer olunub. "Qarabağ"la kubok matçı fevralın 5-də, Premyer Liqa qarşılaşması isə fevralın 10-da olacaq.









































































