"Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- "Zirə" ilə 3 gün sonra çempionatda qarşılaşacaqsınız. Bu oyunda həmin matç üçün hansısa taktiki gedişləri sınaqdan keçirdiniz?
- Xüsusi bir plan yoxdur. Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.
- Bu gün ehtiyatlı oynamağınız taktiki gediş idi, yoxsa oyununuz alınmadı?
- Kubok matçıdır. Təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. "Zirə" kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansları olmadı.
- Oyunun sonlarında rəqibin real qol şansları oldu. Sizcə, bu, müdafiədəki problemlərlə bağlı idi?
- Sizinlə razı deyiləm. Futbolda olan şeylərdir. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı və davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə müəyyən dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.
- Komanda ötürmələrdə çoxlu səhvə yol verir. Bunun səbəbi nədir?
- Demək istərdim ki, havanın təsiri oldu. Düz qeyd edirsiniz, səhvlər oldu. Həmişə demişəm ki, daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz.











































































