"Yaxşı oyun alındı. Azarkeşlərin zövq aldığını düşünürəm. Çempionatın liderinə qarşı futbolçularımın yaxşı oynadığını, tapşırıqları yerinə yetirdiklərini düşünürəm. Müdafiədə yaxşı oynadıq. Təəssüf ki, penaltini yerinə yetirə bilmədik. Biz göstərdik ki, güclü rəqiblərə qarşı da oynaya bilirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze səfərdə "Sabah" komandası ilə qolsuz heç-heçə etdikləri Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Qış fasiləsindən sonra ardıcıl 3 oyundur ki, məğlub olmursunuz. Artıq yaxşı oyunu nəticəyə də yansıda bilirsiniz. Bunu nə ilə əlaqələndirərdiniz?
- İlk növbədə, onu qeyd edim ki, transferlərimiz oldu, heyəti gücləndirdik, öz səhvlərimiz üzərində çox işlədik. Daha əvvəl müdafiədə çoxlu səhv edirdik. Oyundan öncə belə bir fikir var idi ki, "Qəbələ"nin qapısına "Sabah" bu gün 3 qol vuracaq. Bu fikiri mən komandaya qarşı hörmətsizlik kimi də dəyərləndirirəm. Hamıya göstərdik ki, biz hamıya qarşı oynaya bilərik. Ən vacib tərəflərdən biri də bundan sonra futbolçularda arxayınlıq yaranmamasıdır. Balansı qorumaq lazımdır. Rza Cəfərov da ilk matçına çıxdı. Ona inanırıq. Daha bir transferimiz də olacaq. Biz daha öncə bildirmişdik ki, 5 transferimiz olacaq.
- Nəzərə alsaq ki, "Qəbələ"nin əsas hədəflərindən biri bu mövsüm Premyer Liqanı tərk etməməkdir. Kubok matçında əsas heyətlə meydana çıxmaq çempionatdakı vəziyyətə təsir edə bilərmi?
- Sizinlə razıyam. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bunu bacaracayıq, ya yox, bilmirəm. "Neftçi" ilə matça kifayət qədər vaxtımız var. Düşünürəm ki, yeni transferlərimiz də komandaya tam uyğunlaşandan sonra rotasiyaya getmək olar.













































































