"Çox çətin oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik."
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Daha sonra litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Komandanız noyabrdan etibarən hər oyunda ən azı 2 qol vururdu. Bu matçda qolun olmamasını "Sabah"ın kuboka daha az köklənməsi kimi dəyərləndirə bilərik?
- Biz hər oyunda qalib gəlmək istəyirik. Bugünkü matçda komanda oyununda çox zəif çıxış etdik. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil. Bu gün "Qəbələ" bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik.
- Bu gün heyəti seçərkən az öncə sadaladığınız çətinliklərlə qarşılaşacağınızı düşünürdünüz?
- Bu gün meydana çıxdığımız start heyəti zəif adlandıra bilmərik. Stefan Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. İlk "11-lik"də hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdü.
- "Sabah"ın hazırkı heyəti hər iki turnirdə sona qədər mübarizə aparacaq səviyyədə görünmür. Mövsümün gedişatında komandanın kuboku Premyer Liqaya fəda edəcəyini görmək olar?
- Bizim üçün gələcəkdə nələrin baş verəcəyini bilmirik. Məndən ötrü növbəti matç prioritetdir. Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm.










































































