"Real Madrid"in futbolçusu Kilian Mbappe İspaniya La Liqasının XXIII turunda “Valensiya”ya qarşı oyunda hakimlərin qərarlarından narazı qalıb.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatan görüş zamanı epizodların birində fransalı hücumçu ofsayd qərarını anlamadığını bildirib.
Mbappe ehtiyat hakimə müraciət edərək, ondan qərarın səbəbini izah etməsini istəyib: “Bu necə ofsayd ola bilər? Mənə izah lazımdır. Gəlin, tunelə keçək və mənə başa salın, çünki mən başa düşmürəm. Sizinlə danışıram, amma siz üzümə belə baxmırsınız, mənimlə danışmırsınız”.
Dördüncü hakimin ona reaksiya vermədiyini görən forvard daha sonra komanda yoldaşı Eduardo Kamavinqaya tərəf çevrilərək, fransız dilində "Kloun hakimlər" ifadəsini işlədib.
Mbappenin narazılığı birinci hissənin sonlarına yaxın baş verən epizodla bağlı olub. Hakim “Valensiya” müdafiəçilərinin topu uzaqlaşdırmasından sonra hücumçunun ofsaydda olduğunu qeydə alıb. Fransız futbolçu bu qərarla razılaşmayaraq izahat tələb edib.
Qeyd edək ki, İspaniya çempionatında 23 turdan sonra “Real Madrid” 57 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Valensiya” isə 23 xalla 17-ci yerdədir.















































































