"İlk yarıda çox yaxşı çıxış etdik. Bir qol vurduq, birini də vura bilərdik. Rəqibin isə belə fürsətləri olmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis bildirib ki, digər məsələ psixologiya ilə bağlıdır: "Bu komanda uzun müddətdir öz meydançasında qalib gələ bilmirdi. Bəlkə də elə buna görə ikinci hissədə psixoloji təsiri oldu. Həm də hesabda öndə olduğumuzdan, daha çox müdafiədə oturma variantı seçildi. Bu da tam istədiyimiz oyunun alınmamasına gətirib çıxardı. Daha yaxşı oyun gözləyirdik. Ən əsası, bilirsiniz nədir? Oyunçularıma dedim ki, yolumuza davam edə bilmək üçün bizə qələbə lazımdır. Onlar da buna nail oldular. Təşəkkür edirəm. Oyun unudulur, amma hesab həmişə yadda qalır".
Vernidub "Neftçi" - "Qarabağ" matçının təxirə salınmasını məhz özünün istəmədiyinə dair xəbərləri təkzib edib: "Bu, hansı mediada yazılıb? Kim yazıb? Mənə "oynayaq" deyilsə, oynayacağıq. "Oynamayaq" deyilsə, oynamayacağıq. Azərbaycan Premyer Liqasında 12 komanda var: 1-i bizik, 11-i başqaları. Mənim üçün hər bir oyun önəmlidir. Fərq etməz: "Qarabağ", "Sumqayıt və ya "Kəpəz" olsun. Mən hər bir oyuna çıxıb udmaq istəyirəm. Qarşımda duran tapşırıq budur".
60 yaşlı baş məşqçi aqressiv yox, intensiv oyun izlədiklərini vurğulayıb: "Nə "Neftçi", nə də "Qəbələ"nin futbolçularının bir-birilərini vurmalarını, zədə yetirmələrini görmədim, belə hallar olmadı".
Vernidub baş hakim Əliyar Ağayevin idarəçiliyini şərh etmək istəmədiyini bildirib: "Mən baş məşqçiyəm, hakimliyin işini şərh edə bilmərəm. Bunun üçün AFFA Hakimlər Komitəsi var. Amma açığı, bəzi məqamlarla razı deyiləm. Hakimlər də insanlardır, onlara da səhv etmək xasdır. Qərəzli yanaşma görmədim".
O, yeni transfer Bruno Almeyda barədə də danışıb: "Bu futbolçunu uzun müddətdir izləyirdik. "Neftçi"nin çox yaxşı skautinqi var. Bizə imkan yaradıldı ki, bu oyunçunu görək. Almeyda həm skautlarımızın, həm də məşqçi heyətinin çox xoşuna gəldi. Həm cinahlarda, həm də hücumun mərkəzində çox yaxşı oynaya bilər. Yəni, 8 nömrə, həm də 10 nömrə kimi alınar. Yaxşı driblinq, texnika və sürəti var. Ondan çox böyük gözləntilərim var. Düşünürəm ki, sabahdan bizimlə məşqdə olacaq. Kollektivə tam qaynayıb-qarışması üçün ona bir qədər vaxt lazımdır. 7-10 gündən sonra oynaya bilər. Brunonu dərhal oyuna buraxa bilmərəm. Tanış olmaq, məşqlərinə baxmaq lazımdır, sonra isə qərar vermək olar. Amma ondan böyük gözləntilərim var".








































































