AFFA U-13 Liqasında keçirilən "Alanyaspor Baku" - "Göztəpə Bakı" oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 58-ci dəqiqədə yaşanmış olaylar üzündən qarşılaşma yarımçıq dayandırılıb.
Əvvəlcə "Göztəpə Bakı"nın baş məşqçisi Erdal Akarçay meydançaya daxil olaraq hakimi təhqir edib, daha sonra referi komandanın futbolçusu Ziya Keşabın təhqirlərinə məruz qalıb. Onların hər ikisinə qırmızı vərəqə göstərilib.
Ardından komandanın azarkeş və valideynləri tərəfindən hakimləri vurmağa cəhd edilib və hədə-qorxu gəlinib. Nəticədə "Göztəpə Bakı" komandası meydançanı tərk edib və oyun yarımçıq dayandırılıb.
AFFA İntizam Komitəsi baş verənlərlə əlaqədar cəza tədbirlərinə əl atıb. Akarçay 5, Keşab 2 oyunluq cəzalandırılıb. "Göztəpə Bakı" komandasına xəbərdarlıq edilib.
"Göztəpə Bakı"nın meneceri Bilgin Akarçay Sportnet.az-a açıqlamasında olayın baş hakim Vüqar Əliyevin qarşı tərəfə simpatiyası üzündən baş verdiyini bildirib. Onun sözlərinə görə, referi püşkatma keçirmədən birbaşa komandaların meydançada yerlərini müəyyənləşdirib. Bu isə küləyin istiqaməti olan tərəfdə onun komandasının yer almasına səbəb olub.
58-ci dəqiqədə hesab 1:1 ikən baş hakim "Alanyaspor Baku"nun lehinə penalti təyin edib. Komanda bu imkandan yararlanıb. 1:2 hesabı ilə geri düşən "Göztəpə Bakı"nın üzvləri və valideynlər referiyə etirazını bildirib. Bununla da oyun yarımçıq qalıb.
Qeyd edək ki, görüş Binə qəsəbə stadionunda keçirilib.