"Karvan-Yevlax" "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının XXI tur matçını azlıqda başa vurub.
Sportnet.az-ın məlumatına görə, buna Samuel Durrantın 83-cü dəqiqədə əvəzlənməsi səbəb olub.
Həmin vaxtadək baş məşqçi Füzuli Məmmədov bütün əvəzləmə limitlərindən istifadə etdiyi üçün meydançaya yeni oyunçu buraxa bilməyib.
İngiltərəli yarımmüdafiəçinin özü isə meydançaya həkim dəvət edilmədən ayağa duraraq, kənara çıxıb və oynaya bilmədiyini bildirib. Bu, fasilədən sonra meydançaya girən 23 yaşlı oyunçunun ikinci zədəsi olub.
Nəticədə "Karvan-Yevlax" oyunu 10 futbolçu ilə tamamlamalı olub.
Qeyd edək ki, görüş "Araz-Naxçıvan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.














































































