"Rəqibdən bir qədər ehtiyatlanırdıq. Çünki onların sürətli hücumçulara malik yaxşı komanda olduğunu bilirdik. Sevinirik ki, işimizin öhdəsindən gəldik və uşaqlar pis oynamadılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış oyun barədə danışarkən deyib.
Türkmənistanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- "Qəbələ"dən ehtiyatlandığınızı bildirdiniz. Demək olarmı ki, həmin komandanı meydançada görmədiniz?
- Xeyr, hansı "Qəbələ"ni gözləyirdiksə, onu da gördük. Rəqibin ilk yarıda qol imkanları var idi. Çox yaxşı komandadır. Onlarla oynamaq heç bir rəqib üçün asan olmayıb.
- Rəhim Sadıxovun orta sahədə mövqeyini dəyişməyiniz nə ilə əlaqədardır?
- Bəli, biz onunla danışmışıq və belə qərara gəlmişik ki, bizə dayaq yarımmüdafiəçisi mövqeyində daha çox xeyir verə bilər.
- Mövsümün ilk yarısında bir çox mütəxəssislər "Turan Tovuz"un baxımsız oyun sərgilədiyini vurğulayırdı. Son turlarda isə komandanız ilk 20 dəqiqə ərzində məsələni həll edir. Nəyi dəyişdirmisiniz?
- Komanda mərhələlərlə qurulur və buna bir neçə il lazım olur. Hər mövsümdə kollektiv qarşısında duran vəzifələr olub. Bu mövsüm əvvəlki ilə müqayisədə bir qədər fərqli hədəflər var. Bu vəzifələrə uyğun olaraq, irəli addımlayırıq. Nə isə alınır, nə isə alınmır. Amma uşaqlar hara getdiyimizi bilirlər. Bir az vaxt lazımdır.
- Artıq 4-cü pillədəki "Zirə"dən 5 xal aralandınız. Artıq "Turan Tovuz"un avrokuboklar üçün böyük addım atdığını deyə bilərik?
- Xeyr. Bunu ötən mövsüm də göstərdi. Hazırda Azərbaycan Premyer Liqası o qədər rəqabət qabiliyyətli olub ki, istənilən komanda hər hansı kollektivdən xal götürə bilər. Ötən mövsüm nəticələri hardasa öncədən demək olardı. Bu mövsüm isə istənilən matçın nəticəsini əvvəlcədən bildirmək mümkün deyil. Bu mövsüm çempionat daha da güclənib.














































































