Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçı avtoqolla əlamətdar olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandanın 3:0 hesabı ilə qalib gəldiyi görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.
Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Keytaya qədər 249 belə hal yaşanmışdı.
İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.
İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.
Qeyd edək ki, 2022/2023 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/1994 mövsümündə belə qol qeydə alınmayıb.










































































