"Nyukasl"ın "Qarabağ"ı pley-offda üstələməsindən sonra İngiltərə Premyer Liqasını təmsil edən 6 klub UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində yer alıb.
Sportnet.az xəbər verir ki, cari mövsümdə yeni formatda keçirilən turnirin əsas mərhələsində 36 komanda iştirak edib.
Premyer Liqadan "Arsenal", "Çelsi", "Liverpul", "Tottenhem", "Mançester Siti" və “Nyukasl” pley-offa yüksəlib. “Arsenal” liqa mərhələsini zirvədə başa vurub.
Ənənəyə görə, Premyer Liqada ilk “dördlük”də qərarlaşan komandalar növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanır. Lakin İngiltərə klublarının avrokuboklardakı uğurlu çıxışı sayəsində əlavə yerlərin açılması mümkündür.
Hazırda İngiltərə UEFA reytinqində avrokuboklarda ən uğurlu ölkə kimi önə çıxır. Bu isə növbəti mövsüm üçün əlavə – beşinci yerin təmin olunması deməkdir.
Bundan başqa, ilk “beşlik”dən kənarda qalacaq İngiltərə klublarından biri Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək finalda Çempionlar Liqasının qalibi olarsa, daha bir əlavə yer yarana bilər. Turnirin həlledici oyunu "Pușkaș Arena"da baş tutacaq.
Eyni ssenari UEFA Avropa Liqası üçün də keçərlidir. "Aston Villa" turnirin favoritlərindən sayılır. "Nottingem Forest" isə pley-off mərhələsinin ilk oyununda Türkiyə "Fənərbağça"sını 3:0 hesabı ilə məğlub edərək iddiasını ortaya qoyub.
“Nottingem Forest” Avropa Liqasının qalibi olsa və daxili çempionatda ilk “beşliy”ə düşməsə, İngiltərə tarixdə ilk dəfə bir mövsümdə 7 komanda ilə Çempionlar Liqasında təmsil oluna bilər.












































































