Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek cəzalandırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərarı Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi (PFDK) qəbul edib.
Özbek 15 gün müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. Bundan əlavə, “sarı-qırmızılılar”a ümumilikdə 3 milyon 700 min türk lirəsi (143 min 82 manat) məbləğində pul cəriməsi tətbiq olunub.
Qərara əsasən, 21 fevral 2026-cı ildə keçirilmiş "Konyaspor" - "Qalatasaray" oyununda qonaq komandanın azarkeşlərinin nalayiq və təhqiramiz şüarları səbəbindən klub 1 milyon TL məbləğində cərimələnib.
Bildirilib ki, eyni mövsüm ərzində “Qalatasaray”ın qonaq olduğu matçlarda bu hal 9-cu dəfə təkrarlandığı üçün Türkiyə Futbolunun İntizam Talimatının (FDT) 53/2-ci maddəsi tətbiq olunub.
Bundan əlavə, FDT-nin 53/3-cü maddəsinə əsasən, qonaq tribunada – şimal yuxarı A və şimal yuxarı B bloklarında yer alan və nalayiq şüarlar səsləndirən azarkeşlərin elektron bilet kartları bloklanıb. Həmin azarkeşlər komandanın növbəti səfər oyununa buraxılmayacaqlar.
Əlavə 2,7 milyon TL isə “Qalatasaray”ın 21 fevral 2026-cı ildə rəsmi “X” sosial şəbəkə hesabında və 22 fevral 2026-cı ildə klubun rəsmi internet səhifəsində yaydığı açıqlamalarda futbolun və qurumların nüfuzuna xələl gətirən ifadələr yer aldığı üçün tətbiq olunub.
Eyni paylaşımlara görə klub prezidenti Dursun Aydın Özbek FDT-nin 38/3 və 38/1-a maddələrinə əsasən 15 gün müddətinə futbol fəaliyyətindən məhrum edilib.
Qeyd edək ki, həmin qarşılaşma "Konyaspor"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

















































































