UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı (CEDB) İngiltərənin “Tottenhem Hotspur” klubuna qarşı intizam tədbirləri tətbiq edib.
Sportnet.az-ın məlumatına görə, qərar yanvarın 28-də Almaniyada "Ayntraxt" üzərində 2:0 hesablı qələbənin qazanıldığı UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçından sonra qəbul olunub.
CEDB azarkeşlərin irqçi və ya ayrı-seçkilik xarakterli davranışına görə London klubunu 30 000 avro məbləğində cərimələyib. Bundan əlavə, “Tottenhem” növbəti UEFA klub turniri oyununda səfər azarkeşlərinə bilet satışından 1 oyunluq məhrum edilib. Lakin bu qadağa 1 illik sınaq müddəti ilə şərti xarakter daşıyır. Həmin müddətdə oxşar hal təkrarlanarsa, sanksiya qüvvəyə minəcək.
Bununla yanaşı, azarkeşlərin meydançaya əşya atmasına görə klub 2 250 avro cərimə olunub. Beləliklə, London klubu ümumilikdə 32 250 avro məbləğində cərimələnib.
“Tottenhem" isə məsələ ilə bağlı sərt bəyanat yayıb. Klub Frankfurtdakı qarşılaşmada azsaylı şəxslərin “son dərəcə iyrənc davranışı”ndan sonra UEFA tərəfindən tətbiq edilən sanksiyalar barədə məlumatlandırıldığını bildirib. Açıqlamada qeyd olunub ki, klub həm UEFA-nın araşdırması, həm də oyun gecəsi Almaniya polisi və sonradan London Metropoliten Polisi ilə tam əməkdaşlıq edib.
“Tottenhem” bəyan edib ki, “Ayntraxt” azarkeşlərinə qarşı nasist salamı verən üç şəxs müəyyən edilib və klubun Sanksiyalar və Qadağalar siyasətinə uyğun olaraq müddətsiz olaraq stadionlardan uzaqlaşdırılıb.
Klub bütün ayrı-seçkilik formalarına qarşı qəti mövqe sərgilədiyini vurğulayıb və baş verənləri “azsaylı özünü azarkeş adlandıran şəxslərin iyrənc davranışı” kimi qiymətləndirib. Bildirilib ki, həmin hərəkətlər klubun və onun azarkeşlərinin dəyərlərini əks etdirmir.















































































