“Çox yaxşı gün oldu. Əlbəttə, çətin oyun alındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov evdə Şimali İrlandiya yığmasına 2:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, matçın ilk 20 dəqiqəsində komandasının səhvləri olsa da, getdikdə özlərinə gəliblər: "İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.
Əsgərov martın 7-də səfərdə Macarıstan yığması ilə keçirəcəkləri görüşdə də uğurlu nəticə göstərmək istədiklərini söyləyib: “Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.
Qeyd edək ki, Şimali Makedoniya ilə qarşılaşmada Azərbaycan millisinin hər iki qolunu kapitan Sevinc Cəfərzadə vurub.