Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Şamaxı"nı qəbul edib.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı artıq 6-cı dəqiqədə "Qarabağ"ın hücumçusu Emmanuel Addai açıb.
32-ci dəqiqədə "Şamaxı"nın ən məhsuldar hücumçusu Karim Rossi bərabərlik qolunu vurub.
61-ci dəqiqədə Addai dubl edib. 63-cü dəqiqədə Leandro Andrade fərqi daha da artırıb.
90+5-ci dəqiqədə referi "Qarabağ"ın qapısına penalti təyin edib. Lakin Rossi bu şansdan yararlana bilməyib.
Beləliklə, ilk matçda 2:1 hesabı ilə qələbə qazanmış "Şamaxı" cavab görüşündə 2 top fərqi ilə uduzduğu üçün mübarizəni dayandırıb.
Yarımfinala yüksələn "Qarabağ" "Qəbələ" - "Sabah" cütünün qalibi ilə üz-üzə gələcək.
Bizon Azərbaycan Kuboku
1/4 final, cavab görüşü
19:00. “Qarabağ” – “Şamaxı” - 3:1
Qollar: Emmanuel Addai, 6, 61; Leandro Andrade, 63 - Karim Rossi, 32
Qolla nəticələnməyən penalti: Karim Rossi, 90+5 ("Şamaxı")
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 1:2
Qeyd edək ki, Azərbaycan Kubokunun ilk yarımfinalçısı adına "Zirə" sahib olub. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv 1/4 finalda "Sumqayıt"ı üstələyib - 0:0, 2:0.














































































