"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransı keçirib.
45 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Üzücü məğlubiyyət oldu. İlk oyunda qalib gəlsək də, bilirdik ki, bizi çətin cavab görüşü gözləyir. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də qol epizodlarımız oldu. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq uşaqlar sona qədər vuruşdular. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslarımız olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşacağıq. Kubok bizim üçün bitdi. Rəqibi təbrik edirəm.
- Penaltini Abdullahi Şuaybu vurmaq istəyirdi, amma Karim Rossi vurdu. Bunu necə şərh edərdiz?
- Bizdə iki penalti vuran var, Rikardo və Karim. Rikardo da bir kubok oyununda vura bilməmişdi. Karim 3 penalti yerinə yetirib. Yorğunluq, oyunun stressi var idi. Qismət.
- Premyer Liqanın ötən oyunundan sonra PFL-lə bağlı açıqlamanız oldu. Buna cavab gəldi?
- Danışıqlarımız oldu. Hamımız istəyirik ki, meydançalarımız yaxşı olsun, şərait gündən-günə inkişaf etsin. PFL-də çalışanlarla bizim çoxdan əlaqəmiz var. Bir anlaşılmazlıq olmuşdu. Onlara da uğurlar arzulayıram, bizə də. Bir-birimizi başa düşdük, heç bir problem yoxdur.









































































