AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXII turun oyunlarında baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, “Sumqayıt”la ev oyununda “Kəpəz” komandasının azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.
Bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Gəncə klubu 8 000 manat cərimə edilib.
“Sumqayıt” azarkeşləri də rəqib komandaya qarşı belə davranıblar. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “gənclik şəhəri" təmsilçisi 7 000 manat cərimələnib.
“Şamaxı” ilə səfər oyununda “Neftçi”dən 5 nəfər sarı vərəqə alıb. Nəticədə paytaxt klubu 700 manat ziyana düşüb.
90+4-cü dəqiqədə “ağ-qaralar”ın məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, növbəti 2 oyuna buraxılmayacaq, klubu isə 5 000 manat cərimə ödəyəcək.
Oyun zamanı “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda komanda azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırılıb. Stadiona dəymiş zərəri klub qarşılamalıdır.
“İmişli” ilə ev oyununda “Turan Tovuz”dan 4, “Sabah”la ev matçında isə “Qarabağ”dan 5 nəfər sarı vərəqə alıb. Nəticədə meydan sahibi klublar hərəyə700 manat cərimə edilib.
“Sabah”la qarşılaşmada “Qarabağ” azarkeşləri kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlanıb. Ona görə də Ağdam klubu daha 8 000 manat ziyana düşüb.