Azərbaycan Premyer Liqasında XXIII turun ilk oyunu "Karvan-Yevlax" və "Sumqayıt" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
İlk qolu 51-ci dəqiqədə penaltidən "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə vurub. 72-ci dəqiqədə baş hakim Əli Əliyev meydan sahiblərinin qapısına daha bir penalti təyin edib. Lakin Rüstəm Əhmədzadənin zərbəsi dəqiq alınmayıb.
90+4-cü dəqiqədə isə "Karvan-Yevlax"ın futbolçusu Coy Sleyd Mikels bərabərlik qoluna imza atıb.
Beləliklə, xalını 32-yə çatdıran "Sumqayıt" 6-cı, 8 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-ci pillədə qalıb.
-----------------------
Bu gün keçiriləcək bir oyunla Azərbaycan Premyer Liqasında III dövrəyə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, XXIII turun açılış matçında "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək.
Yevlax şəhər stadionunda saat 15:00-da başlanacaq görüşü baş hakim Əli Əliyev idarə edəcək.
"Sumqayıt" ötən tur da bu arenada çıxış edib və "Kəpəz"ə böyük hesabla uduzub - 0:3. Digər tərəfdən, "gənclik şəhəri" təmsilçisi sonuncu qələbəsini XVIII turda - yanvarın 30-da məhz burada "Karvan-Yevlax" üzərində qazanıb - 2:0.
Hazırda "Sumqayıt" 22 oyundan 31 xalla 6-cı yerdə gedir. Komandaya irəliləmək üçün yalnız qələbə lazımdır.
7 xalla sonuncu pillədə gedən "Karvan-Yevlax"ın da işləri qaydasında deyil. 11-ci yerdə qərarlaşmış "Qəbələ"dən 9 xal geri qalan baş məşqçi Füzuli Məmmədovun komandasına mütləq qələbə lazımdır.
"Sumqayıt" debütantla bu mövsüm keçirdiyi hər iki oyundan qalibiyyətlə ayrılıb. İlk dövrədəki matçda Saşa İliçin baş məşqçi olduğu kollektiv böyük fərqlə üstün olub - 4:1. Başqa sözlə, “Karvan-Yevlax” xal qazanmayıb. “Sumqayıt” hər oyunda ən azı 2 qol vurub.
Azərbaycan Premyer Liqası, XXIII tur
7 mart (şənbə)
15:00. “Karvan-Yevlax” – “Sumqayıt” - 1:1
Qollar: Coy Sleyd Mikels, 90+4 - Səbuhi Abdullazadə, 51 (pen.)
İstifadə olunmamış penalti: Rüstəm Əhmədzadə, 72 ("Sumqayıt")
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu.
Qeyd edək ki, turun qalan oyunları 8 - 10 martda keçiriləcək.












































































