"Komandamızı təbrik edirəm. Əla qalibiyyət idi və bunu haqq edirdik. Qələbəmizi bütün xanımlara həsr edirəm. Onları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu evdə "Araz-Naxçıvan"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.
26 yaşlı müdafiəçi rəqibi güclü komanda kimi dəyərləndirib: "Kənardan baxana bəlkə də asan görünə bilər, amma rəqib həqiqətən də güclüdür, fərdi olaraq, oyunçuları yüksək ustalığa malikdir. Düşünürəm ki, ilk yarıda vurduğumuz qollar onları bir qədər həvəsdən sala bilər. Lakin bu, qalibiyyətimizə kölgə sala bilməz. Ümumilikdə komandamızda kombinasiyalar, hər şey gözəl idi. Kollektivimizi qələbə münasibətilə təbrik edirəm".
Cinah oyunçusu artıq bütün diqqəti daxili yarışlara yönəldəcəklərini diqqətə çatdırıb: "Bundan qabaq ağır idi. Üç "cəbhə"də mübarizə aparırdıq. İndi isə bütün fikrimizi çempionata yönəltmişik. Düşünürəm ki, turdan-tura daha yaxşı "Qarabağ" görəcəksiniz".
Cəfərquliyev "Sabah" komandası ilə rəqabətlərindən də söz açıb: "Rəqabətin olması çox gözəldir. İstərdim ki, "Sabah" kimi digər klublarımız da bizimlə belə mübarizə aparsın. Çünki rəqabət olan yerdə inkişaf da olur. Əlbəttə, mənə çox xoşdur ki, "Sabah"la həm çempionatda, həm də kubokda qarşılaşacağıq. Qarşıda bizi ağır oyunlar gözləyir".
Haşım MƏMMƏDOV
















































































