“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev müsahibə verdiyi vaxt yaşanan bir epizod diqqətdən qaçmadı.
Komanda yoldaşı Ramil Şeydayev yaxınlaşıb onunla şit zarafat etdi və başına vurduğu şillənin səsi ətrafa yayıldı. İlk baxışdan adi zarafat kimi görünə bilər. Amma bu görüntü bir çoxları üçün başqa suallar da doğurdu.
Yaxşı, beləsinə nə ad verəsən: “qrabitel”, yoxsa “tüfeyli”?
Əslində, son illərin futbol mənzərəsinə baxanda hər iki ifadə ona uyğun gəlir. Bir vaxtlar böyük ümidlərlə adı çəkilən futbolçu son illərdə daha çox klub dəyişməsi ilə gündəmə gəlib. 2016-cı ildən bəri haralarda oynamayıb? Türkiyədə "Trabzonspor" və "Kocaelispor", Slovakiyada "Jilina", Rusiyada "Krılya Sovetov", "Dinamo Moskva", hətta Tailandda "Buriram Yunayted". Arada boş vaxt tapan kimi gəlib "Sabah"ı, "Neftçi"ni və iki dəfə dolaşdıqdan sonra üçüncü dəfə "Qarabağ"ı tapıb.
Bütün imkanlı klublardan "qrabit"ləyib, amma son illərdə bu komandaların hücum xəttində ondan gözlənilən təsiri yaratdığını demək çətindir.
Bu siyahı həm də futbolçunun karyerasında sabitlikdən çox, tez-tez dəyişən ünvanların olduğunu göstərir.
Məhz burada “qrabitel” ifadəsini işlədənlərin arqumenti ortaya çıxır.
Şeydayev son illərdə daha çox maliyyə amilinə üstünlük verərək qərarlar verib. Bunun ən bariz nümunələrindən biri də “Qarabağ”ı pul müqabilində Tailand klubuna dəyişməsi oldu. Lakin həmin macəra uzun çəkmədi. Orada yaşanan qalmaqallı hadisələrdən, hətta döyülmə ilə bağlı xəbərlərdən sonra futbolçu qısa müddətdə geri qayıtmalı oldu.
Adına və vaxtilə formalaşmış reputasiyasına görə böyük klublarda yer tapmaq bir məsələdir. Amma həmin etimadı meydanda doğrultmaq tamam başqa məsələdir. Məhz bu nöqtədə Şeydayevin karyerası ilə bağlı suallar yaranır.
Çünki ortada parlaq statistika və ya yadda qalan performansdan çox, sanki sürünən bir futbol yolu görünür. Tez-tez dəyişən klublar, qısa müddətli dayanacaqlar və gözlənilən səviyyəyə qalxmayan çıxışlar isə bəzilərinə onun karyerasını “tüfeyli” adlandırmaq üçün əsas verir.
Bütün bunların fonunda Şeydayev hələ də Azərbaycan millisinin üzvü kimi təqdim olunur. Bu isə sualı daha da aktuallaşdırır: milli komandanın futbolçusundan gözlənti bu olmalıdırmı?
Bəlkə də Elvin Cəfərquliyevin başına vurulan o zarafat şilləsinin səsi təkcə ətrafdakıların deyil, Azərbaycan futbolunun içində yığılan sualların da səsi idi.















































































