"AFFA-nın bəyanatının necə və kim tərəfindən yazıldığını bilmirik, amma orada bir neçə xoşagəlməz, qəbulolunmaz ifadələr var idi: ictimai fikirlərin manipulyasiya edilməsi, spekulyativ xarakterli materialların yayılması, oyun qaydalarının yozulmasında şəxsi maraqlar...".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin Media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
Klub rəsmisi bildirib ki, "Neftçi"yə eyham vurularaq, belə cümlələrdən istifadə oluna bilməz: "Tariximiz göz önündədir, böyük uğurlar qazanmışıq və ümid edirik ki, gələcəkdə belə ritorikalara diqqət yetiriləcək, bu cür ifadələrdən qaçılacaq. AFFA-nın fəaliyyətini dəstəkləyir, bütün islahatlarına, qərarlarına ölkənin ən köklü klubu olaraq, dəstək verməyə hazırıq".
Əfsərli AFFA-nın bəyanatını bir qədər gözlənilməz qarşıladıqlarını da diqqətə çatdırıb: "Çünki indiyədək milli assosiasiyanın fəaliyyəti ilə əlaqədar sualımız yox idi. Əksinə, görülmüş işlərdən, aparılan islahatlardan çox məmnunuq. O cümlədən, AFFA Hakimlər Komitəsində və Hakimlər Departamentində dəyişikliklər baş verib, AFFA bu sahəyə yatırımlar edir, irəliyə doğru addımlar atır. I kateqoriyalı iki FIFA referisinə malik çox az ölkə var. Hər ikisi bu gün iş başında idi və işlərinin öhdəsindən yüksək səviyyədə gəldilər. Hər hansı sual yaranmadı. Bunlara bizim heç bir iradımız yoxdur".
Onun sözlərinə görə, suallar yalnız mövsüm ərzində bəzi hakim qərarlarınadır: "Hakimlərin yanlış qərarlarından ən çox əziyyət çəkən klubuq. Xal itkilərimiz olub. Bununla bağlı suallarımız var idi. İndiyədək AFFA Hakimlər Komitəsindən "Neftçi" lehinə verilmiş hər hansı yanlış qərarla bağlı açıqlama gəlməyib. Amma əleyhimizə verilmiş yanlış qərarlar təsdiqlənib. Burada da bir maraqlı məqam var ki, yanlış qərarlar oyunun nəticəsinə təsir göstərməyib. Yəni, hər iki qarşılaşmada - həm "Karvan-Yevlax"la, həm də "Kəpəz"lə səfər oyununda qələbə qazanmışıq. Suallarımız bundan ibarət idi. Hakimlər Komitəsinə dəvətə görə təşəkkür edirik. Amma açığı, "Şamaxı" ilə matçda qapımıza penaltinin doğru təyin olunduğu bildiriləndən sonra bu görüşə lüzum görmədik. Bu, bizim üçün mənasız oldu".













































































