UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında Türkiyənin "Qalatasaray" və İngiltərənin "Liverpul" komandaları üz-üzə gəlib.
İstanbuldakı "Ali Sami Yen" İdman Kompleksində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 7-ci dəqiqədə Mario Lemina vurub.
İspaniyalı baş hakim Xesus Xil Mansano oyun zamanı daha 2 qolu hesaba almayıb. 63-cü dəqiqədə "Qalatasaray"dan Viktor Osimhenin qolu ofsayd, 71-ci dəqiqədə "Liverpul"un qolu əllə oyun səbəbindən sayılmayıb.
90-cı dəqiqədə "sarı-qırmızılar"ın mərkəz müdafiəçisi Davinson Sançes sarı vərəqə alıb və limiti doldurduğu üçün martın 18-də "Enfild" stadionunda keçiriləcək cavab görüşündən kənarda qalıb.
Beləliklə, "Qalatasaray" bu mövsüm ikinci dəfə "Liverpul"u məğlubiyyətə uğradıb. Daha əvvəl 2025-ci il sentyabrın 30-da eyni arenada keçirilmiş Liqa mərhələsinin II tur matçı da eyni hesabla yekunlaşıb.
Cütün qalibi 1/4 finalda PSJ (Fransa) - "Çelsi" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin daha 3 ilk oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.













































































