UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə 1/8 final mərhələsinin ilk oyununda qeyri-adi erkən əvəzləmə baş verib.
Sportnet.az xəbər verir ki, İspaniyada "Atletiko Madrid" və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilmiş matçda London təmsilçisi qapıçısını artıq 17-ci dəqiqədə dəyişmək məcburiyyətində qalıb.
Görüşün əvvəlində kobud səhvlərə yol verən Antonin Kinski ilk 16 dəqiqədə qapısından 3 top buraxıb. Bundan sonra baş məşqçi onu ehtiyat oyunçular skamyasına çəkərək meydançaya Gilyelmo Vikarionu buraxıb.
Qarşılaşma Madrid şəhərindəki "Metropolitano" stadionunda keçirilir. Matçın baş hakimi isə Niderlanddan olan əslən türk Serdar Gözübüyükdür.
Komandalar arasında cavab oyunu martın 18-də Londonda, "Tottenham Hotspur Stadium"da baş tutacaq.
Qeyd edək ki, “Atletiko” pley-off mərhələsində Belçikanın "Brügge" komandası üzərində iki oyunun cəmində 7:4 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. “Tottenhem” isə liqanın ümumi mərhələsini 17 xalla 4-cü pillədə tamamlayıb.












































































