Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunan Rui Jorje 15 ilədək çalışdığı Portuqaliya gənclər yığmasındakı karyerasını başa vurduqdan sonra Bakıya üz tutub.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis 2010-cu ildən Portuqaliyanın U-21 millisinə rəhbərlik edib və təxminən 15 il bu vəzifədə fəaliyyət göstərib.
Onun rəhbərliyi altında Portuqaliya yığması iki dəfə Avropa çempionatının finalına qədər irəliləyib: Lakin həm 2015-ci ildə finalda İsveçrə, 2023-cü ildə isə Almaniyaya uduzaraq gümüş medalla kifayətlənib.
11 - 28 iyun 2025-ci ildə Slovakiyada keçirilmiş Avropa çempionatında isə Portuqaliya yığması 1/4 finalda Niderlanda 0:1 hesabı ilə məğlub olub. Rəqib matçın 21-ci dəqiqəsindən futbolçusu qırmızı vərəqə aldığı üçün azlıqda oynayıb. Amma Portuqaliya say üstünlüyünə baxmayaraq qol vura bilməyib. Əvəzində Niderland millisi 84-cü dəqiqədə fərqlənərək, yarımfinala yüksəlib.
Bu nəticə Rui Jorjenin uzun illər ərzində kubok qazana bilməməsi ilə bağlı tənqidləri daha da artırıb. Portuqaliya Futbol Federasiyası isə onunla müqaviləni uzatmayıb və baş məşqçi postuna Luiş Freyre gətirilib.
Slovakiyada keçirilmiş Avropa çempionatında Azərbaycanın Pro kateqoriyası üzrə təcrübədə olan bir çox məşqçisi iştirak edib. Onların arasında Aqil Nəbiyev, Zamir Həsənov, Fərid Namazov, Elman Sultanov, Rəşad Abdullayev, Aleksandr Qross, Rüstəm Məmmədov, Çudomir Çakarov, Elnur Çodarov və Vaqif Cavadov olub. Təlimatçı qismində isə Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və Ramin Quliyev iştirak edib.
AFFA bu qədər mütəxəssisi təcrübəyə göndərməsinə baxmayaraq, seçimini uğursuzluğa düçar olan portuqaliyalının lehinə edib.
Jorje Portuqaliya yığmasından ayrıldıqdan sonra da yenə gənclərlə işləmək istəyini dilə gətirib: “U-21 millisində işləmək xoşuma gəlir, bu, mənə peşəkar məmnunluq verir. Amma dəyərləndirilməli olan digər məqamlar da var”.
Azərbaycanda sonuncu dəfə milli komandalar səviyyəsində nüfuzlu yarış 2016-cı ildə keçirilib. Həmin il 17 yaşadək futbolçular arasında təşkil olunmuş Avropa çempionatının açılış matçında Təbriz Həsənovun baş məşqçi olduğu milli Portuqaliya ilə üz-üzə gəlib və 0:5 hesabı ilə uduzub. Yekunda qalib adını da məhz Portuqaliya qazanıb.
Bu dəfə nüfuzlu yarış iki ölkədə - Azərbaycanda və Özbəkistanda təşkil olunacaq. Bununla belə, Azərbaycan millisi U-20 dünya çempionatındakı ən azı qrup oyunlarını doğma divarlar arasında keçirəcək.
Açılış matçı yenə Bakıda olsa, yəqin ki, qarşılaşmanı yüksək səviyyəli dövlət rəsmiləri də izləyəcəklər. Onların qarşısında növbəti biabırçılığı yaşamamaqdan ötrü daha hazırlıqlı olmaq lazımdır.












































































