Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş Portuqaliyada keçirilən tədbirdə diqqət mərkəzində olub.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis "Eştoril" klubunun məşq bazasının yeni adla təqdim olunması mərasimində iştirak edib.
Klubun akademiyası bundan sonra “Academia Estoril Sol” adlanacaq.
Mərasimdə klub rəhbərliyi, yerli hakimiyyət nümayəndələri və bir sıra tanınmış futbol xadimləri də iştirak ediblər. Tədbir çərçivəsində akademiyada aparılan yenilənmə işləri və klubun uzunmüddətli tərəfdaşlığı da təqdim olunub.
Tədbirdə çıxış edən Santuş “Eştoril”lə bağlı xatirələrini bölüşərək klubun onun üçün xüsusi yer tutduğunu bildirib: “Bu klubla bağlı keçirdiyim 20 il ürəyimdə iz buraxıb. Bura təbii ki, mənim evimdir. Həmişə qayıdıb klubun inkişaf etdiyini görmək xoşdur. Hazırda kluba rəhbərlik edən insanlarla çox güclü əlaqəm var və inanıram ki, “Eştoril” etibarlı əllərdədir".
Qeyd edək ki, Fernandu Santuş futbolçu karyerasının əvvəlini (1973 - 1979) və sonluğunu (1980 - 1987) “Eştoril”də keçirib, daha sonra (1987 – 1994) komandanın baş məşqçisi olub.
Bundan başqa Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2018/2019 mövsümündə "Eştoril"də çıxış edib.
Xatırladaq ki, Fernando Santuş son olaraq Azərbaycan milli komandasına rəhbərlik edib.














































































