İngiltərənin "Çelsi" komandasının futbolçusu Pedro Netu Çempionlar Liqasının 1/8 final mərhələsində Fransada PSJ-yə qarşı ilk oyunun sonlarında baş vermiş topdaşıyan insidentinə görə üzr istəyib.
Sportnet.az xəbər verir ki, London təmsilçisinin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşmış matçın əlavə olunmuş dəqiqələrində "bolboy" topu portuqaliyalı futbolçuya qaytarmaqda tələsməyib.
Bu isə Netunun narazılığına səbəb olub və o, oğlanı yüngülcə itələyib. Nəticədə topdaşıyan yerə yıxılıb. Epizod VAR tərəfindən yoxlanılsa da, 26 yaşlı yarımmüdafiəçi qırmızı vərəqə və ya hər hansı cəza almayıb.
Final fitindən sonra Netu topdaşıyandan üzr istəyib və ona formasını hədiyyə edib: "Onunla artıq danışmışam. Oyun zamanı gərginlik var idi, biz uduzurduq və mən topu tez götürmək istəyirdim, amma o, gecikdirirdi. Mən onu bir qədər itələdim və gördüm ki, bir az incitdim. Adətən, belə insan deyiləm. Həmin anın təsiri ilə dərhal üzr istəməyə getdim. Ona formanı da verdim, çünki belə şey olmamalı idi. Çox təəssüf edirəm və bir daha üzr istəyirəm".
Portuqaliyalı futbolçu əlavə edib ki, topdaşıyan onun sözlərini tam başa düşməsə də, vəziyyəti anlayışla qarşılayıb.
Qeyd edək ki, "Çelsi" ilə PSJ arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü martın 17-də keçiriləcək.












































































