"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Maraqlı qarşılaşma oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Turnir cədvəlindəki vəziyyət elədir ki, "Sumqayıt" daha yuxarı pilləyə qalxmaq niyyətindədir. Biz də yuxarıdakı komandalara çatmaq istəyirik. Ona görə də sərt və mübariz oyun getdi. Bunu bilirdik. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Şamaxıdan gəlmişdilər, bizi tək qoymamışdılar. Ümumilikdə ab-hava da yaxşı idi. Rəqib azarkeşləri də "Sumqayıt"ı dəstəkləyirdilər. Futbol ab-havası var idi. Belə meydançalarda, bu atmosferdə oynamaq həqiqətən də çempionatımıza rəng qatır. Önəmli qələbə idi. Futbolçularımdan bu il razıyam. Çox yaxşı mübarizə apardılar. Acı məğlubiyyətlərimiz də oldu. Amma bu mövsüm çempionatda möhkəm komanda olmağı bacardıq. Oyunçularımız göz önündədir. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir vermələri məni sevindirir. Əlbəttə, bundan artığını da etmək olar. Təəssüf ki, bizə büdcə imkan vermədi. Geniş heyət, bir çox şərtlər olsaydı, bəlkə də yuxarı pillələr üçün də oynamaq olardı. Amma "Şamaxı"da olduğum müddətdə bu futbolçularla çalışmaq, belə istəkli olmaları məni sevindirdi. Milli fasiləsinə qədər 1 oyunumuz qaldı. Həqiqətən yorulmuşuq. Amma istəməzdim fasilə olsun. Çünki futbolçular bu tonusda çox yaxşı çıxış edirlər. Son oyunları götürsək, yalnız "Qarabağ"a uduzmuşuq. Digər matçlarda futbolçularımız həqiqətən də yaxşı mübarizə aparıblar. Növbəti turun "Araz-Naxçıvan"la matçına hazırlaşacağıq.
- Mövsümün sonunda komandada qalmağınız üçün yeganə yolun büdcənin artımı olmasını demək olarmı və bu barədə rəhbərliklə hər hansı söhbətiniz olacaqmı?
- Əlbəttə, istərdik. Bir klub pillə-pillə inkişaf etməli, artmalıdır. Hər şeydə fərq olmalıdır. Hər mövsüm oyunçu dəyişmək çətindir. Ötən mövsümün sonunda ən aparıcı oyunçularımız getdi. Yenidən seleksiya işləri apardıq. Bu mövsüm gələn futbolçular da çox yaxşı performans göstərirlər. Bilirik ki, onları da komandada saxlamaq çətin olacaq. Nə isə qazanmaq istəyirsənsə, mütləq heyəti qorumalısan. Bunların hamısı büdcədən asılıdır. Klub olaraq da inkişaf etməliyik. Bəzi detallar var ki, onlar vacibdir. Olmayanda çətinlik yaranır. Ona görə də yayda hər şeyə aydınlıq gələcək. Qismət...
- Nəticə göstərsəniz də, Ayxan Abbasov kasıb klublara lazım olur. Nəticə verdikdə isə sizə qapını göstərirlər. Nə baş verir?
- Məncə, bu sualın cavabı, problem özümüzdədir. Bu gün baxıram da... Ad-sanlı futbol adamları yalnız yerli baş məşqçiləri qınayır, yerlilərin postuna göz dikirlər. Amma deyən yoxdur ki, bu qədər əcnəbi gəlsə də, faydasız çıxırlar, elə isə niyə gəlirlər? Nə vaxt ki özümüz-özümüzə dəstək, qiymət verəcəyik, klub rəhbərləri yerli baş məşqçilərin arxasında duracaq, o zaman işləmək olar. Təssüf ki, bu gün klub rəhbərlərinin 90 faizi yerli baş məşqçilərin arxasında durmur. Bəlkə də xarici baş məşqçi ilə nəticəni tez qazana biləcəklərini düşünürlər. Bu, uzun söhbətdir. Xarici baş məşqçi də lazımdır. O demək deyil ki, legioner işləməməlidir. Bu gün çempionatımızda ötən mövsümə baxanda əcnəbi baş məşqçilərin sayı artıb. Bu gedişlə gələn mövsüm yerlilərin sayı daha da azalacaq.
- Bəlkə elə nəticələr verməyən klub rəhbərlərini dəyişmək lazımdır?
- Ümumiyyətlə, bir çox klub rəhbərləri artıq futboldan getməlidir. Çünki nəticə qazana bilmirlər. 10 baş məşqçi dəyişirlər. Bunları da bir sorğu-sual etmək lazımdır ki, nə qədər baş məşqçi dəyişəcəksən? 100 faiz! Səhv təkcə baş məşqçilərdə deyil. Bu gün bir çox baş məşqçi var ki, sıfırdan gəlib komandanı elitada saxlayırlar, rəhbərliyin etdiyi yanlış transferləri baş məşqçilər sığortalayırlar. Bunu təkcə baş məşqçi kimi yox, futbolun içində olan adam kimi deyirəm ki, problemlərimiz çoxdur. Problemlər təkcə baş məşqçilərlə bağlı deyil. Yerli baş məşqçilər gərək bir-birilərinə dəstək versinlər. Təəssüf ki, bir çoxu bir-birinin arxasınca danışır. Amma problem yerli baş məşqçilərdə deyil.
- Amma yerli baş məşqçilərin bir çoxu "Ayxan Abbasov niyə iki yerdə işləməlidir?" deyir...
- Mən də ona görə deyirəm. Narahat olmasınlar. Onlar üçün çox ağır olduğunu bilirəm. Növbəti mövsümdən yəqin ki, bir yerdə çalışacağam.
- Oyunun sonunda Saşa İliç sizi təbrik etdi?
- O da peşəkardır, bilirik ki, güclü futbolçu olub. Şamaxıdakı olay oyunun stresindən irəli gələrək, həm onun özü, həm də mən tərəfdən yaşanmışdı. Elə orada da qaldı. Sağ olsun, oyundan öncə də salamlaşdıq, oyundan sonra təbrik etdi. Bizdə bir çox baş məşqçi var ki, məğlub olanda yaxınlaşmırlar, qələbə qazananda görüşmək üçün yaxınlaşırlar. Amma İliç bu gün öz centlmenliyini göstərdi. Şamaxıdakı olay yaddan çıxmışdı.











































































