"Təəssüf ki, çox vacib iki xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Enrike Silva zədələndikdən sonra onun əvəzinə meydançaya Faiq Hacıyevi buraxdınız. "Kəpəz" də daha çox onun yer aldığı cinahdan hücumlar edirdi...
- Faiq uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir.
- Roderik Millerin oynamaması nə ilə bağlıdır?
- Zədəlidir.
- "Turan Tovuz" iddialı rəqiblərə qalib gəlir, amma daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyini reallaşdıra bilmir. Bu, konsentrasiya və motivasiya ilə bağlıdır?
- Təəssüf ki, haqlısınız. Həm "Zirə", həm də "Neftçi" ilə oyundan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik.












































































