Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasında "AEK Larnaka" (Kipr) və "Kristal Pelas" (İngiltərə) komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşünü idarə edib.
Sportnet.az-ın məlumatına görə, Larnakadakı "AEK Arena"da təşkil olunmuş qarşılaşmada Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Elçin Məsiyev dördüncü hakim qismində yardımçı olub. Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirib.
Görüşün əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 13-cü dəqiqədə "Kristal Pelas"ın seneqallı hücumçusu İsmaila Sarr açıb. 63-cü dəqiqədə Enrik Saborit bərabərlik qolunu vurub.
73-cü dəqiqədə ispaniyalı müdafiəçi ikinci sarıdan qırmızı vərəqə alaraq, AEK-i azlıqda qoyub.
İlk oyunda qolsuz heç-heçə qeydə alındığı üçün əlavə vaxt təyin olunub.
99-cu dəqiqədə Sarr "dubl" edərək, İngiltərə komandasını yenidən irəli çıxarıb.
"AEK Larnaka" yenidən hesabı bərabərləşdirməyə cəhd edərkən, daha bir futbolçusunu itirib. 120+4-cü dəqiqədə Petros İoannu da qırmızı vərəqə alıb.
Beləliklə, iki qırmızı vərəqənin göstərildiyi oyunda "Kristal Pelas" əlavə vaxtda qələbə qazanaraq, 1/4 finala yüksəlib.













































































