Milli Məclisin Füzuli - Ağcabədi seçki dairəsindən deputatı Aqil Abbasın Sportnet.az-a müsahibəsi
- Azərbaycan Kubokunda "Sabah" və "Qarabağ" arasında keçirilmiş yarımfinal mərhələsinin cavab oyunu ətrafında müzakirələr səngimir. Görüşlə bağlı təəssüratlarınız necədir?
- "Sabah" yaxşı oynayırdı, matç 30 dəqiqəlik əlavə vaxta getsəydi, komandanın say üstünlüyündən yararlanmaması inandırıcı görünmürdü. Lakin baş hakim Rəvan Həmzəzadə "Sabah"ın halal işinə haram qatdı. "Sabah"a uğurlar arzulayıram, amma bilmirəm Çempionlar Liqasına gedəndə Rəvan Həmzəzadəni də özü ilə köməyə aparacaqmı? İdarəçilik mənasız, AFFA Hakimlər Komitəsi biabırçı durumdadır. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov isə hər dəfə "səhv olmuşdu" sözünü təkrarlayır. "Turan Tovuz" - "Zirə" və "Zirə" - "Neftçi" oyunlarındakı səhvləri etiraf edir, amma heç olmasa, zərərçəkən klubların azarkeşlərindən üzr istəmir. Hakimlər Komitəsinin nə ilə məşğul olduğunu bilmirəm. Oyun qurular, birini uduzdururlar, o birinə bilmirəm, nə edirlər... Referi top ələ dəyir, "penalti yoxdur" deyir. Toqquşurlar, qırmızı vərəqə göstərir. Qurban Qurbanov sağ olsun ki, bu məsələdə soyuqqanlı oldu. Amma mən "Qarabağ"a inanıram. "Qarabağ" yenə Avropaya gedəcək və öz gücünü göstərəcək. Arzu edirəm ki, "Sabah" da gücünü göstərsin.
- Sizcə, hakimlər özbaşına qərarlar qəbul edirlər, yoxsa sifarişlə hərəkət edirlər?
- Yəqin, sifariş olar da... Özbaşına qərar qəbul edə bilməzlər. Yuxarı var, nə bilim nə var. Rüşvət aldıqlarını deyə bilmərəm, buna inanmıram. Amma hər halda yuxarıdan deyirlər ki, filan komandaya kömək ol.
- Yuxarı kimdir?
- AFFA olar da. Futbolda AFFA-dan yuxarı kim var? UEFA, FIFA deyil ki...
- Elə isə AFFA-nın nə marağı var ki, buna yol verir?
- Bunu zəng edib AFFA-dan soruşun. Mən AFFA-da işləmirəm ki... Amma bu qədər hakim səhvləri varsa, deməli, AFFA bunlardan xəbərdardır.
- Mövsümboyu hakim səhvləri olduğu halda, sizcə, niyə "Qarabağ" məhz indi səsini çıxardı?
- "Qarabağ" heç vaxt hakim səhvlərinə səsini çıxarmayıb, bu dəfə də çıxarmadı. Qurban Qurbanovun son açıqlamasına baxın. Bircə cümlə deyir: "Oyundur da, ola bilər".
- "Qarabağ" etiraz etməməkdə haqlıdır?
- Səsini çıxarmır da. Qurban Qurbanov soyuqqanlı adamdır, "Allah bilər" deyir. Durub dalaşsın? Rəvan Həmzəzadəni döysün?
- Belə bir çətin və məsuliyyətli məqamda Elvin Cəfərquliyevin hərəkətini və "Qarabağ"dan kənarlaşdırılmasını necə qiymətləndirirsiniz?
- Bununla bağlı Qurban Qurbanov açıqlama verib. Elvin xoşagəlməz hərəkətə yol verib. O cümlədən, Abbas Hüseynov. Baş məşqçi də onları danlayıb və əvəzedici heyətə göndərib, cəzalandırıb. Bu, normal haldır. Kim səhvlər etsə, rəhbərlik bir-iki dəfə bağışlayar, sonra qapını göstərər.
- Bəs bu olay komandadaxili ab-havaya təsir etmir?
- Əlbəttə, təsir edə bilər. Amma oyunçu nizam-intizamı pozanda baş məşqçi nə etməlidir? İngiltərə "Mançester Yunayted"ində baş məşqçi ser Aleks Ferqyuson Devid Bekhemi ən şöhrətli, lider olduğu vaxtında butsla təpəsinə vurub komandadan qovmuşdu. Deməli, intizamsızlığa dözmək olmaz!
- "Qarabağ"ın ikinci pilləni də əldən vermə təhlükəsi yaranıb. Bu halda komanda Avropa Liqasına vəsiqə şansını da itirə bilər...
- Komanda Avropa Liqasına gedəcək və qitəmiqyaslı oyunlaradək toparlanacaq.
- Sizcə, "Qarabağ"ın heyətində çoxmu dəyişiklik olmalıdır?
- Onu Qurban Qurbanov bilər. Amma getmək istəyənə yaxşı yol! Kim gəlsə, onu Qurbanov futbolçu edəcək. Gətirdiyi oyunçular "Qarabağ"da daha yaxşı çıxış edəcək. Çünki Qurbanın əlində bərəkət var. Lakin gedənlər yeni klublarında heç bir qələt edə bilməyiblər. Gedib-qayıdıblar, əvvəlki formada da deyillər. Daha adlar çəkmirəm.














































































