UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, İngiltərə "Arsenal"ıdır.
"Topçular" yarımfinalda İspaniyanın "Atletiko Madrid" komandasını iki oyunun yekununda üstələməyi bacarıb.
İlk görüşdə 1:1 hesablı heç-heçəyə nail olan London komandası "Emirates" stadionundakı cavab görüşündə qələbə qazanıb - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Bukayo Saka vurub.
Bununla da "Arsenal" 20 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib. "Topçular" ilk dəfə vəsiqə qazandıqları həmin görüşdə İspaniya "Barselona"sına yenilib - 1:2.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
5 may (çərşənbə axşamı)
23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0
Qol: Bukayo Saka, 44
Hakimlər: Daniel Zibert, Yan Saydel, Rafael Foltin, Tobias Ştiler
VAR: Bastian Dankert
AVAR: Robert Şröder (hamısı Almaniya)
Hakim-inspektor: Terye Hauge (Norveç)
Qeyd edək ki, "Arsenal"ın finalda rəqibi Almaniyada "Bavariya" və Çempionlar Liqasının son qalibi Fransa PSJ-si arasında keçiriləcək növbəti yarımfinal matçından sonra müəyyənləşəcək. Bu komandaların ilk görüşündə PSJ qələbə qazanıb - 5:4.













































































