"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradenin "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra Sportnet.az-a müsahibəsi:
- Görüş barədə təəssüratlarınızı bölüşərdiniz...
- Yaxşı və vacib qələbə idi. Turnir cədvəlində çox yaxın idik və onların çətin rəqib olacağını bilirdik. Düşünürəm ki, oyuna yaxşı kökləndik. Belə komandaya qalib gəlmək üçün məhz bu, lazım idi.
- Möhtəşəm qol vurdunuz…
- Bəli, xoşbəxtəm. Bu, karyeramda ilk dəfə cərimə zərbəsindən qolum idi, əvvəllər vurmamışdım. Göründüyü kimi, çox sevindim. Həm də hesabı açan qol idi, yəni vacib qol oldu. Komandama kömək etdiyim üçün şadam.
- Beş dəqiqəyə iki qol vurmasınıza baxmayaraq, “Qarabağ” sanki bir az gec fərqlənir. Sizcə, bu, mövsümün xüsusən ikinci yarısında “Neftçi”yə və digər rəqiblərə məğlubiyyətlərlə bağlıdır?
- Düşünmürəm ki, bu məğlubiyyətlər bizə mənfi təsir edir. Əksinə, uduzduğumuz oyunlardan dərs çıxarmağa çalışırıq. Çətin dövr keçirdik, səhvlərimizi analiz edib daha yaxşı olmağa çalışırıq. Gec qollar məsələsinə gəlincə, bilirdik ki, "Turan Tovuz" çox güclü müdafiə olunan komandadır. Hər komanda onlara iki qol vura bilmir. Tovuz komandasını da yaxşı oyun münasibətilə təbrik edirəm.
- Bu qələbədən sonra xal sarıdan “Turan Tovuz”dan uzaqlaşdınız. Növbəti oyun üçün bu, sizə əlavə motivasiya verəcəkmi?
- Bəli. Artıq çempion ola bilməyəcəyimizi başa düşürük. Ona görə də ikinci yeri qorumağa çalışmalıyıq. Eyni zamanda bu oyunları öyrənmə prosesi kimi də istifadə edirik, çünki növbəti mövsümdə qazanmaq istədiyimiz daha çox yarış olacaq və bu proses indidən başlayır.
- XXXI turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Onlar turnir cədvəlində aşağı pillələrdə olsa da, bu oyunu asan qələbə hesab etmək olar?
- Xeyr, qətiyyən. Onlar çox təhlükəli komandadır. Hücumda sürətli oyunçuları var, baş məşqçiləri də çox yaxşıdır. Yaxşı hazırlaşmış komandadırlar. Bilirik ki, çətin səfər oyunu olacaq.
- Onların “Zirə” ilə oyununa baxmısınız?
- Bəli, məşqdən sonra oyunun son dəqiqələrini izlədik. "Zirə" də matçda yeganə qolu sonda vurdu, buna görə çətin olacağını bilirik.
- Cərimə zərbələrini məşqlərdə işləmişdiniz?
- Bəli, bəzən məşqlərin sonunda fərdi işləmək üçün vaxtımız olur və bu kimi epizodları da çalışırıq.
- Bu qələbədən sonra Avropa Liqası uğrunda əsas namizəd olduğunuzu düşünürsünüz?
- Hazırda ən yaxın rəqibdən altı xal öndəyik və yaxşı şansımız var. Amma hələ heç nə rəsmiləşməyib. Rəsmiləşənə qədər nə etməli olduğumuzu bilirik.
Mikayıl HACIYEV
















































































