"Neftçi"nin baş məşqçisi Yuri Vernidub səfərdə "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Autsayderlə səfər matçına komandanı psixoloji cəhətdən hazırlamaq nə qədər çətin idi?
- "Qarabağ"la xüsusən ikinci oyundan sonra futbolçularda çox böyük emosiyalar ortaya çıxdı. Yalan deməyəcəyəm: Bu oyun üçün mən də həyəcan keçirirdim. Çünki o cür top-oyunlardan sonra, adətən, futbolçuların emosional durumu o qədər də yaxşı olmur. Amma biz birlikdə bunun öhdəsindən gəldi. Buna görə də oyunçularıma minnətdaram.
- "Neftçi"nin taleyi öz stadionunuzda həll oluna bilər. "Sabah" - "Zirə" oyunundan gözləntiləriniz nədir?
- Əslində hər oyun bizim üçün finaldır. Cəmi 3 oyunumuz qalıb. İkisi səfərdə, biri evdə olacaq. "Kəpəz"lə oyunu da bu stadionda keçirəcəyik. Uşaqlar da maksimumu verməli olduqlarımızı bilir. Üstəlik, finaldan da çox şey asılı olacaq. Kuboku kimin qazanması vacibdir. Amma mən bütün oyunlarımızı çox önəmli sayıram və axıradək mübarizə aparacağıq.
- Mövsüm ərzində görmədiyimiz Falaye Sakonu bu oyunda görməyimizə səbəb nə oldu?
- Ona təşəkkür edirəm, peşəkar futbolçudur. Bütün oyunları belə keçirməli, peşəkarlığını ortaya qoymalıdır. Kifayət qədər təcrübəsi var. Fransa çempionatında çıxış edib. Ona afərin və təşəkkürlər!
- "Qarabağ"la ötən oyundan sonra əlavə sual verilməməsini istədiniz. Bunu emosional vəziyyətinizlə əlaqələndirdiniz. Böyük yol və hətta müharibə keçmisiniz. Bu baxımdan Azərbaycan çempionatında bir oyun bu qədərmi yorucudur?
- Başqa səbəb yoxdur. Nəzərə alın ki, "Qarabağ"a birinci oyunda 1:5 hesabı ilə uduzmuşduq. O oyun mənim üçün çox ağır, sarsıdıcı zərbə idi. Futbolçularda da belə idi. Başqa söz tapa bilmirdim, o cür durumda idim. Ona görə də ikinci oyunu bir az fərqli formada keçirdik. Həmin matçdan sonra artıq söz də deyə bilərdim. Nəticədə qərara aldım ki, "Qarabağ"ı udduğumuz matçdan sonra bir söz deməyim. Həyatda da bəzən belə şeylər olur. "Neftçi" kimi tarixi komandada işləmək çox böyük şərəfdir. Bu komandanın oyunçularına, fanatlarına böyük hörmət edirəm. Xüsusən də klubun tarixinə böyük hörmətim var. Ən önəmlisi odur ki, "Neftçi"də oynamağın adi bir şey yox, üstünlük olduğunu oyunçular da peşəkar formada başa düşməlidirilər.
- Mövsüm sona yaxınlaşdıqca hansı oyunçularla davam edib, hansıları saxlayacağınızı müəyyənləşdirmisiniz?
- Mən bu barədə heç nə deməmişəm. Kim yazırsa, o cavab versin. Vaxtı gələndə özüm yazıb-cavab verəcəyəm. Çox şey yazırlar. Mən nə deyim? Hətta yazırlar ki, futbolçularla münaqişələrim var. Ümumiyyətlə, münaqişəli insan deyiləm. Mən futbolçulara, futbolçular da mənə hörmət edirlər. Ortada nə olsa, ortaq dil tapacağıq. Heç vaxt bizdə konflikt olmayacaq. Transferlər barədə bircə onu deyə bilərəm ki, seçimimizə həddindən artıq həssas, diqqətli yanaşacağıq. Bayaq qeyd etdiyim xüsusiyyətlərə malik futbolçularla davam edəcəyik.
- "Neftçi" hazırda 3-cü yerdən 6 xal geridədir. Bunun səbəbi mövsüm ərzində itirdiyiniz xallar, yoxsa hakimlərin komanda əleyhinə qərarları ilə əlaqədardır?
- Bu barədə böyük şərh vermək istəmirəm. Bircə onu deyə bilərəm ki, məndən öncə də çoxlu xal itirilmişdi. "Turan Tovuz", "Zirə", "Sumqayıt"la oyunlarda heç-heçələr məni vaxtımda da olub. Bir qədər fərqli mövzudur. Məşqçilər heyəti, oyunçular və klub rəhbərliyi maksimal nəticələr üçün əllərindən gələni ediblər. Əlbəttə, mövsümün əvvəli olsaydı, fərqli danışmaq olardı. Amma buna baxmayaraq, bir çox dəyişikliyə müsbət mənada nail olmuşuq. Bu əzmimizi ortaya qoyduğumuz üçün Allah da bizi mükafatlandırır. Belə də davam edirik. Gələcəkdə ən yuxarı yerlərdə olmaq mənim arzumdur. Bütün futbolçuların da arzularının eyni olduğunu düşünürəm. Klub rəhbərliyinin fikri barədə isə ümumiyyətlə, heç nə demirəm.
- "Neftçi"nin avrokuboklarda iştirakı Azərbaycan Kubokunun finalından asılı olacaq. Matç isə sizin stadionda keçiriləcək. Oyunu izləyəcəksiniz?
- Düzü, dəqiq bilmirəm. Bizim kubok deyil ki... Stadionda "Sabah"a və ya "Zirə"yə azarkeşlik etməyim etik çıxmaz. Bu, doğru deyil. Kim güclü olacaqsa, o da qalib gəlsin. Baxmayaraq ki, "Sabah"ın udması bizə sərfəli olacaq. Amma mən heç vaxt rəqibimə pis şeyi arzulaya bilmərəm. Çünki həyat bumeranqdır. Sonra bumeranq bizim özümüzə tərəf uçub gələ bilər. Biz də normal yaşamalıyıq. Hər şeyi həyat göstərəcək.














































































