"Kəpəz"in yarımmüdafiəçisi Rəhman Hacıyevin "Sabah"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra Sportnet.az saytına müsahibəsi:
– “Sabah”la oyunda vurduğunuz qol və qələbə barədə nə deyə bilərsiniz?
– Qol vurduğum üçün xoşbəxtəm. Amma əsas olan 3 xalı qazanmağımızdır. Biz hər zaman komanda oyunu sərgiləməyə çalışırıq. Komandamızda oyun hansısa bir futbolçunun üzərində qurulmur.
– “Sabah” üzərində qələbə komanda üçün nə dərəcədə vacib idi?
– Bu oyun bizim üçün çox vacib idi. Premyer Liqada qalmaq üçün xallara ciddi ehtiyacımız var. Autsayderlər sırasında yer alan komandalar üçün hər xal həyati önəm daşıyır. Ardıcıl 4 məğlubiyyət bizi həm turnir cədvəlində geriyə saldı, həm də psixoloji baxımdan çox yordu. Belə vəziyyətdən çıxmaq asan deyil. Üstəlik, mövsümün çempionuna qarşı oynayırdıq və bunun nə qədər çətin olduğunu hamı bilirdi. Buna baxmayaraq, meydandan qələbə ilə ayrıldıq. Buna görə komanda yoldaşlarıma və baş məşqçimizə təşəkkür edirəm.
– Mövsüm ərzində yaşanan çətinliklərin əsas səbəbi nə oldu?
– İlk 7 turda ardıcıl məğlubiyyətlər aldıq və bu gün yaşadığımız çətinliklərin əsas səbəblərindən biri də budur. İkinci dövrədə isə baş məşqçinin əməyi və futbolçuların istəyi sayəsində toparlana bildik. Mövsüm bizim üçün çox ağır keçdi. Açığı, artıq fasilənin gəlməsini, bir az futboldan uzaqlaşıb psixoloji baxımdan dincəlməyi düşünürük.
– Qarşıdakı oyunlar barədə düşüncələriniz necədir?
– Bizi qarşıda son iki vacib oyun gözləyir. Nəyin bahasına olursa-olsun xal qazanmağa çalışacağıq. Məqsədimiz pley-off oynamamaqdır. Düşünürəm ki, bu komanda pley-offa layiq deyil. Hazırda nəsə demək çətindir, amma son dəqiqəyə qədər elitada qalmaq üçün mübarizə aparacağıq. İnanıram ki, gələn mövsüm daha yaxşı yerlərdə olacağıq.
– Komandanın liderlərə qarşı daha yaxşı oynaması ilə bağlı fikirlərə münasibətiniz necədir?
– Bəzən deyirlər ki, liderlərə qarşı daha istəkli oynayırıq. Ola bilsin, belə matçlarda üzərimizdə təzyiq daha az olur. Bu çempionatda nəyin necə olacağını təxmin etmək çox çətindir. Bu gün “Sabah” kimi iddialı rəqibi məğlub edirik, amma bir neçə tur əvvəl son pillələrdə qərarlaşan “Karvan-Yevlax”a ağır şəkildə uduzmuşduq. Belə nəticələr həm bizi, həm də azarkeşləri məyus edir. Amma futbol elə oyundur ki, hər şey mümkündür. Bu cür uğursuzluqlara görə motivasiyanı itirmək olmaz. Bu gün də bunu komanda olaraq meydanda sübut etdik.
Haşım MƏMMƏD
















































































