"Qarabağ"ın müdafiəçisi Toral Bayramovun "Qəbələ" ilə səfərdə 1:1 heç-heçə etdikləri Azərbaycan Premyet Liqasının XXXI tur matçından sonra Sportnet.az saytına müsahibəsi:
– Oyunla bağlı fikirlərinizi bölüşərdiniz…
– Bizim üçün ğır səfər oldu. Əslində oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin nə edəcəyini bilirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Önümüzə baxacağıq. Növbəti oyunlara hazırlaşacağıq.
– Baş məşqçi Qurban Qurbanov hava şəraitinin futbolçulara mənfi təsir etdiyini dedi. Həmçinin, “Qəbələ”nin də qələbəyə ehtiyacı var idi. Bəs sizcə, qələbənizə nə mane oldu?
– Hava amilinin mane olduğunu düşünmürəm. Əlbəttə, ağır havadır. Qəbələdə oynamaq həmişə çətin olub. Amma hər iki komanda üçün hava eyni idi, bütün şəraitlər eyni idi. Sadəcə qismət belə imiş.
– Azərbaycan Kubokunun finalı yaxınlaşır. “Sabah” çempion olacağı halda, siz Avropa Liqasında çıxış edəcəksiniz. Finalda hansı komandaya azarkeşlik edəcəksiniz?
– Belə deyək, bu qismətdir, güclü olan qazansın. Hər bir halda, istər Avropa Liqası, istər Konfrans Liqası olsun, hansı turnirdə oynayacağıqsa, çalışacağıq ki, xalqımızı, dövlətimizi və azarkeşlərimizi layiqincə təmsil edək. Qələbələr qazanaq, yeni nailiyyətlər əldə edək. Tərəfsizəm.
– Elvin Cəfərquliyevin gedişindən sonra artıq heyətdə özünüzü daha çox göstərirsiniz. Performansınızı necə dəyərləndirirsiniz?
– Mənim öz performansımı özümün dəyərləndirməyim nə dərəcədə doğru olar, bilmirəm.
– Meydanda istədiklərinizi edə bilirsiniz?
– Çalışdığım qədər, bacardığım qədər əlimdən gələni edirəm ki, komandaya xeyrim olsun. Bundan sonra da belə davam edəcəyəm.
Haşım MƏMMƏD
















































































